Dünən axşam Gürcüstan millisinin İspaniyadan buraxdığı son saniyə qolu ilə məğlub olması, Ermənistanınsa islandların qapısından 2 cavabsız top keçirməsi azərbaycanlı futbolçuların əsəbini yerindən oynatdı.

Bizimkilərin Portuqaliya ilə qarşılaşmada “çərçivə”yə bir zərbə belə vura bilmədiyi, Qətərlə qarşılaşmada qələbə hesabını qorumağı bacarmadığı halda, əhalisinin sayı ilə maddi imkanları bizdən aşağı olan ermənilərlə gürcülərin o cür nəticələrə imza atmasını həzm etmək çox çətindir.

Hirsə, əsəbə, özündən çıxmağa gərək varmı? Təbii ki, yox.

İnsanın özündən çıxaran məqamlar var. Məsələn, heç gözləmədiyin halda hansısa hadisə ilə üzləşəndə. Və ya sabah yaxşı olacağına bel bağladığın bir iş bu gün düz getməyəndə. Lakin söhbət Azərbaycan millisindən və onun uğursuzluğundan gedirsə, burda hiddətlənəcək bir şey yoxdur axı. İllər öncə cızılan ssenaridir, öz relsində hərəkət edir. Dünən də uduzurduq, bu gün də uduzuruq, sabah da uduzacağıq. Dünən də baş məşqçi əcnəbiydi, bu gün də, sabah da legioner olacaq.

Bir ölkədə ki, uşaq futbolu və lazımi sayda uşaq məşqçisi yoxdur, orda futbol ola bilməz! Bu gün millinin şərəfini qoruyanlar 10-15 il öncə 10-15 yaşlı yeniyetmələr idi. Həmin dönəmdə ölkənin pulları futbolun başına yağış kimi yağırdı. “Xəzər Lənkəran”, “Bakı”, “Karvan”, “MKT-Araz”, “Simurq”, o vaxtkı “İnter” və digərləri. Bu klublara rəhbərlik edənlər futbolun inkişafını, yəni gələcəyini yox, çempion olmaqla özünü aidiyyatı orqanlara şirin göstərməyin yollarını axtardığı dönəmlərdə uşaq futbolu yaddan çıxmışdı. Hədəf bir idi: hansı yolla olur-olsun, çempionluğu bayram edib, futbol sahəsinə pul xərclədiyini göstərmək. Elə bu düşüncə də Azərbaycan futbolunun “anasını ağlatdılar”.

Ölkənin “Qəbələ” ilə “Bakı”nın timsalında üzdə olan iki Futbol Akademiyası vardı. Uşaqlara yaxşı şərait yaradılmış, məşqçilər cəlb olunmuş, qısası, Azərbaycan reallığında böyük işlər görülmüşdü. Bu gün milli formasında top dalınca qaçan Bəhlul Mustafazadə, Amin Seydiyev, Namiq Ələsgərov, Mahir Emreli, Vüqar Mustafayev, Şəhriyar Əliyev, Tellur Mütəllimov, Amil Yunanov kimi futbolçular bu iki akademiyanın “məhsuludur”.

Artıq bu akademiyalar da yoxdur. Daha doğrusu, “Qəbələ”də uşaqlar yetişməkdə davam edir, lakin istənilən səviyyədə yox, Bu isə o deməkdir ki, ölkə futbolunu, dolayı yolla həm də millini qarşıda daha ağır sınaqlar, çətin günlər gözləyir. Ona görə də əsəblərinizi qoruyun. Gözlərinizi yumun və xanım bələdçinin səsini dinləyin: “Qapılar bağlanır, növbəti stansiya Serbiya”.

HƏBİB