Maykl Essyen, Emil Mpenza, Oktay Dərəlioğlu… Siyahını bir az da uzatmalı olsaq, Aleksandr İaşvili, Georgi Demetradze, Valentin Belkeviç, Maris Verpakovski və daha bir neçə futbolçunun adını əlavə edə bilərik.

Bu adların hər birinin futbol dünyasında özünəməxsus yeri var. Yəni Azərbayacana “ulduz” status ilə gəlmişdilər. Səs-küylə, çal-çağırla, zurna-balabanla. Lakin heç biri Keysuke Honda kimi təqdim olunmamışdı. Bu cür peşəkarlıq və səliqə ilə.

Bilmirəm, bəlkə o vaxt Azərbaycan futbolunda pərakəndəlik idi, bəlkə o vaxt klublarda çalışanlar bacarığını ortaya qoymaq istəmirdi, bəlkə də cibdəki pul hər şeyi adiləşdirmişdi. Bildiyim odur ki, başda adlarını qeyd etdiyim məşhurların heç biri Azərbayacana bu şəkildə, yəni Hondanın qarşılandığı kimi ayaq basmamışdı.

Təfərrüatlara varmaq artıq olar. “Neftçi”nin və “Neftçi” TV-nin əməkdaşları “Milan”ın sabiq futbolçusu ayaqlarını Azərbaycan torpağına basandan ta təqdimat mərasiminə qədər yanından çəkilmədilər. Sanki o iki gecəni də yanında qaldılar, ayaqyoluna girib-çıxmasını da nəzarətdə saxladılar. Hava limanından görüntülər, tibbi müayinəsindən reportaj, təqdimatından 1 saat əvvəl xüsusi buraxılış, “zoom”la da olsa, xüsusi mətbuat konfransı… Hər nə isə, “Neftçi”nin adına yaraşan kifayət qədər peşəkar yanaşma və ayaq üstə alqışlanacaq zəhmət idi.

Bir futbolçunun o şəkildə qarşılanması və təqdim olunması oxucularımız və biz jurnalistlər üçün də faydalı oldu. Əminliklə deyə bilərəm ki, son 3 gündə ən yaxşı baxış sayı məhz Honda xəbərlərinə gəlirdi. Honda ilə bağlı hansı xəbəri paylaşırdıqsa, baxılırdı, oxunurdu.

Mənə görə Hondanın təqdimatı Hondanın gəlişindən daha qiymətli və daha faydalı oldu. Yaponun ümidləri doğruldub-doğrultmayacağı sual alrtındadır. Elə doğruldandan sonra "Neftçi"də qalacağı da. Amma o şəkildə təqdimat həm klubda çalışanların təcrübəsini xeyli artırdı, həm "Neftçi"nin adı və tarixinə müəyyən mənada hörmət hiss etdirildi və ən əsası, digər klubla üçün "əyani vəsait" oldu. 

Ümid edək ki, “Neftçi”nin əməkdaşları arxayınlaşmaq əvəzinə növbəti bu cür tədbiri bundan da yaxşı təşkil etmək yönündə “baş sındırıb”, daha yaxşısına nail olacaq. Digər klubların əməkdaşları isə gördüklərindən nəticə çıxarıb, ortaya “dadlı məhsul” qoya biləcək. Bunu da arzu edək…

HƏBİB