Ölkəmizin havasındandır, suyundan, yoxsa yeməyindən – hər nədəndirsə, bura gələn əcnəbi də bir müddətdən sonra dəyişir. İlk dönəmlərdə üzümüzə gülən, mehribanlıq göstərən, az qala başımıza fırlanmağa hazır olan xaricilər zamanla dəyişik. Ögeyləşir, başqalaşır, uzaqlaşır...

Berti Foqts, Bernard Lippert, Robert Prosineçki, indi də Canni de Byazi. Bu məşqçilərin ortaq cəhəti Azərbaycana təkcə pul qoxusuna gəlmək deyil. Onları birləşdirən həm də az öncə xatırlatdığım dəyişikənlikdir. İlk günlər gülərüz və mehriban, vaxt keçəndən sonra soyuq, uzaq və qaş-qabaqlı.

Son 10 gündə de Byazidən müsahibə almaq üçün iki dəfə cəhd etmişəm. İlk dəfə fevralın 25-də, “Zirə” – “Neftçi” matçının fasiləsində, növbəti dəfə 3 gün əvvəl AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın vasitəsi ilə. Birincidə Firuz bəydən icazə almağımın vacibliyini xatırlatdı, ikincidə elə həmin Firuz bəyin müsahibə təklifini geri çevirdi.

Bu gün üçün vaxtı yoxdur, DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra danışmağa hazırdır.

Bu, italyan çalışdırıcının öz qərarıdır, ya yox – deyə bilmərəm. Deyə biləcəyim odur ki, bu, Azərbaycana gəldiyi ilk günlərdə özünü şirin göstərən həmin de Byazi deyil. Gülərüz, mehriban, mikrofonu, diktofonu görəndə sevincindən göyün yeddinci qatına qalxan məşqçi daha səmimi görünürdü. Azərbaycan dilini və himninin sözlərini öyrənməyə cəhd edən, Vətən müharibəsi zamanı Qarabağ həqiqətlərini almanlara, italyanlara çatdıran məşqçi çox dəyişib.

Özünə sərf edən vaxtlarda yerli saytlardan birinə (etika xatirinə ad çəkmirəm) açıqlama verən millinin baş məşqçisinin mətbu orqanlar arasında ayrı-seçkilik aparması, media əhlindən uzaq gəzməsi xoş hal deyil. Hələ mən az qala hər həftə xarici mətbuatda yer alan fikirlərini demirəm. Danışırsa, hamıya danışsın. Danışmırsa, heç kimə danışmasın.

Yox, kimsə danışmasına qadağa qoyursa, susmasını məsləhət görürsə, bu başqa məsələ. Susursa, biz də susaq. Özünün də dediyi kimi, seçmə mərhəyə oyunlarından sonra danışarıq. Yəqin ki, həmin vaxt danışmağa indikindən də çox söz olacaq.

HƏBİB