Saşa Stamenkoviç, Xulio Sezar Rodrigez, Kevin Kubemba, Filip İvanoviç, Tiemoko Fofana, Təmkin Xəlilzadə, Ramil Şeydayev, Bəhlul Mustafazadə, Amin Seydiyev, Slavik Alxasov, Aleksey İsayev...

Bu futbolçular bu gün Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanın yarısını təşkil edir. Bir az da dərinə getsək, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Elşən Abdullayev, Mario Marina, Dmitri Klyots kimilərin adları çıxacaq.

Səviyyəli və təcrübəli legionerlərlə Azərbaycan millisinin formasını geyinənlərdən təşkil olunmuş bu heyəti hansı azərbaycanlı mütəxəssisin sərəncamına versən, rahat şəkildə “Qarabağ”la “Neftçi”yə boy verər, ən pis halda bu gün 3-cü pillədə yerini bərkidərdi. Lakin əcnəbi sevdasından əl çəkməyən “Sabah” rəhbərliyinin ispan mütəxəssislə bağlı arzusu vaxtından əvvəl “suya düşdü”.

Klubdakı söz sahibləri “ispaniyalı məşqçidirsə, uğur qazanacaq” düşüncəsi ilə komandanın “sükanı” arxasına gətirdiyi Visente Qomes hələ ki, yalnız pul qazanmaqla məşğuldur. Çempionatın yeganə əcnəbi mütəxəssisinin rəhbərlik etdiyi kollektiv kubokla vaxtından əvvəl vidalaşıb, 15 xalla sonuncu sırada can verir.

Buna baxmayaraq, Qomesin getmək fikri yoxdur. Hər yenilgidən sonra mətbuat konfransında ona ünvanlanan suallara başdansovdu cavablar verməklə işini bitmiş hesab edir. Dərinə getsək, düz də edir. Ehtiyatsızlıq ucbatından ağzından çıxacaq hər mənfi fikir “Sabah”dakı sonu ola bilər. Siyasət işlədir, özünü heç nədən xəbəri yoxmuş kimi aparır və beləcə günləri yola verir.

Maraqlıdır, “Sabah” rəhbərliyi kimi və nəyi gözləyir? Məgər qarşıdakı 10 turda möcüzənin baş verəcəyinə inanırlar? 18 oyuna 15 xal toplayan komanda qarşıdakı 10 görüşdə lap 20 xal da yığsa belə bu, Avroliqaya vəsiqəyə imkan verməyəcək. Bunu indidən bilmək üçün futbol dahisi olmağa gərək yoxdur. Bu gün üçün yeganə çıxış yolu baş məşqçini yola salıb, ab-havanı dəyişməkdir.

Adamı kabinetə dəvət edirsən, saçlarına sığal çəkə-çəkə sözünü deyirsən, pul məsələsində ortaq məxrəcə gəlib, yola salırsan. Burda çətin nə var axı? Ötən mövsüm Jelko Sopiç komandanı yanı üstə qoyub getdi, bu il də siyahıya Qomesin adı yazılar. Və həmin rəhbərlər, nəhayət, legioner məşqçi ideyasından əl çəkib, Samir Abasov, Ayxan Abasov, Elmar Baxşıyev, Aftandil Hacıyev kimiləri nümunə götürüb hansısa azərbaycanlıya bel bağlayarlar. Təbii ki, məqsəd “Sabah”ın sabah uğur qazanmasıdırsa.

Pulu hər şeydən üstün tutan Qomes isə güzgünün qarşısında dayanıb, özünə “mən hansı ölkəni təmsil edirəm” sualını versin. Özü və məşqçi bacarıqsızlığı bir tərəfə, heç olmasa dağ boyda İspaniyanın adından utansın. Yox, bu cür davam etsə, ölkənin nüfuzuna, futbol imicinə zərbə vurduğu üçün Qomesi İspaniyaya buraxmayacaqlar.

HƏBİB