Yıxılmayıb ayaq üstdə dayandığımız, dərdlərimizlə baş-başa qaldığımız ayın-günün bu vaxtında qızlarımızın ispanlara ağır məğlubiyyəti lap böyük dərd olub sanki. Möcüzə deyil, sensasiya sayılmır, dünya dağılmadı. Futbol oynadılar, qonaqlardan 13 top buraxdılar. Hə, nə olsun?

Guya qızların udan günü olub? Avropa çempionatının cari seçmə mərhələsində buna qədər 6 oyun keçirib, vurduqları 1 topun müqabilində 22-sini buraxmışdılar, indi fərq oldu 1-35. Futbol ənənələri zəngin ölkə deyilik, bu idman növündə dünyaya səs salmamışıq, Avropanın gözü qarşısında top dalınca qaçan düz-əməlli 3-5 futbolçumuz yoxdur. İndi biz qızlardan nə istəyirik?

Elə bilirsiz, ürəkləri istəsəydi, ispanların qapısından 5-6 qol keçirə bilməzdilər? Edərdilər, lap canlarını da alardılar. Etmədilər, çünki etsəydilər, Mahir Emreli, Namiq Ələsgərov, Amin Seydiyev kimi kişi millisinin üzvləri qızları gözümçıxdıya salacaqdı ki, Bakıya gələn rəqiblər bizi biabır edir, sizsə insanları bu ölkədə futbolun varlığına inandırırsız.

Etsəydilər, ispanların gözündən bir də qalxa bilməyəcəyimiz dərəcədə düşəcəkdik. Sarısaç, uzunsaç qonaqlar əziyyət çəkib o boyda yol qət ediblər, pandemiyaya görə ağır şərtlər tətbiq olunan ölkədən güc-bəla ilə çıxıb gəliblər. Azərbaycana uduzsaydılar, kim idi yer aldıqları təyyarəni Madriddəki Adolfo Suares adna Hava Limanına buraxan?

Bir də ki, qızlara heç kim futbol oynamaq tapşırığı verməmişdi. Əlverişli hava şəraitində sağlamlıqlarının qeydinə qalmaq üçün “ASK Arena”nın qazonunda qaçıb, havalarını dəyişmək istəyirdilər, buna da nail oldular. İspan qızlar da heç vaxt qapı toru görməyibmiş kimi, ayaqlarına düşən hər topu “çərçivə”dən içəri salırdı. Lazım olsaydı, bizimkilər də vurardı.

“Döşəməyə”, ağzına gələni yazmağa, danışmağa nə var?! Uduzublar, canları sağ olsun. Nə birinciydi, nə axırıncı. Kişilər futbol oynamağı öyrənəndə, qızlar da öyrənəcək. Ona görə kefinizi pozmayın, qızlar.

Aygün Kazımova necə demişdi?

Siz könül odlayan,

Siz ürək odlayan,

Arzusu xoş, təmiz,

Gözəllərsiz.

Bakının qara gözlü qızları,

Gülər üzlü qızları,

Şirin söz Bakı qızları...

HƏBİB