Baqali Dabo “Neftçi”dən ayrıldı...

Ötən il bu başlıqlı xəbərlər tirajlanandan bir neçə saat sonra fransız futbolçunun karyerasını Cənubi Kiprdə davam etdirəcəyi məlum olmuşdu. Çünki tərəflər müqavilənin detallarını müzakirə etmiş, razılığa gəlinmişdi. Bircə qalırdı Dabonun “Apollon” formasında şəkil çəkdirməsi. Çox keçmədən o da baş verdi. Və bu gün adıçəkilən komandanın uğurları üçün tər tökür.

Vild-Donald Gerye həmin vaxt Dabonun “Neftçi”dəki komanda yoldaşlarından biri, fransızın komandadan qovulmaq üçün hansı əməllərə əl atdığının canlı şahidiydi. “Qarabağ”ın futbolkasında şəkil çəkdirib xanımına “sosial şəbəkədə paylaş” tapşırığını verən “9 nömrə” bu əməldən sonra Bakını tərk etmişdi. Halbuki buna qədər də bilərəkdən intizamsız etdiyi hallar olmuşdu.

Eyni üsuldan bu dəfə Gerye yararlandı. Sadəcə, üslub bir az fərqliydi. Futbolçu bacarığı ilə xarakteri bir-birini tamamlamayan Donald qış istirahətindən qayıdanda 14 gün Nyu-Yorkda istirahət etdi. Pandemiya dövrüdür, gediş-gəliş şərtləri çətinləşib deyə, bu bəhanə ilə Qurban Qurbanova kələk gələcəyini düşünmüşdü xanımı ilə. Lakin məqsəd başqaydı. Dabo üslubundan yararlanmaq istəyirdi.

Ki, gec gəldiyinə görə “Qarabağ” qarşılıqlı razılıq əsasında yolların ayrılmasına qərar veəcək. Amma onu görmədi. Gördüyü 20 min dollar məbləğində pul cəriməsi oldu. Hiyləgər futbolçu ağıllı Qurbanovla dueldə yenilmişdi – 0:1. Növbəti addımı “Qarabağ”ın əvəzedicilərinə yoldaşlıq görüşündə pitsa paylamaq oldu. Bəlkə Qurbanov bu əməlinə görə onu əsas heyətə qaytarar, hirsi soyuyar. Heç nə dəyişmədi: əvəzedici komandada qalmalı, 20 min dolları ödəməliydi. Hesab arasındakı fərq artdı – 0:2.

Vəziyyətin bu cür davam etməsi futbolçunu qəti razı salmırdı. Çempionlar Liqasının qrupunda oynamış futbolçu əvəzedicilərdə çox duruş gətirə bilməzdi. Üstəlik, pul cəriməsi və xanımının koronavirusun sərt qadağalar qoyulan şəhərdə sıxılması. Getmək zamanı idi. Yaxşı maaş verilən istənilən yerə qaçmaq. Təkliflərin arasından “Apollon”u seçdi. Seçdi demək də çətindir. Bəlkə də Dabo  onu yanına çəkdi. Bəlkə də Dabonu aparan menecer apardı. Hər nə isə...

Dabo ilə Geryenin Azərbaycanı tərk etmək üçün istifadə etdiyi üslub eynidir, dəyişən quru adlardır. Olsun. O cür intizamsızlarla, yediyi boşqaba tüpürənlərlə uğur qazanmağı götür-qoy etməkdənsə, qapını göstərmək məsləhətdir.

Vay “Apollon”un halına...

HƏBİB