Bir dəfə də duz-çörək kəsmədiyim, doğmaların qədər doğma bilmədiyim, ayda-ildə bir dəfə gördüyüm adamın rəhmətə getməsinə görə hədsiz kədərlənir, bəzən gözlərimdən yanaqlarıma axan yaşa sahib çıxa bilmirəm. Sizdə də belə olur? 

Mənə doğma olmayan, amma üzündəki nura, danışığına, davranışına, duruşuna vurulduğum birinin dünyasını dəyişməsinə görə ağlayıram. Sizdə də belə olur? Əminəm ki, olur. İnsanıq hamımız. Görünüşcə, xasiyyətcə fərqli, insani hisslər olaraq eyni.

İndi hamı qəhər içindədir: övladları, qohumları, qonşuları, hətta onunla bir-iki dəfə əl sıxmış rayon camaatı.

  ***

- Kamrana 100 dəfə demişəm ki, elədiyini eləmisən, futbolda ad qoymusan, görürsən ki, zədələr səni incidir. Çəkil dur kənarda.

- Adil dayı, futbola öyrəşən adam kənara çəkilə bilmir axı.

- Bilirəm, əşi. Özüm də idmançı olmuşam, idmanın içində olan adamam. Başa düşürəm onu. 33 yaşı var (ötən ilin söhbətidir – H.), evlənsin, ailə-uşaq sahibi olsun.

- Doğrudan, nə əcəb evlənmir?

- Evlənmir də, evlənmir. Deyir, evlənməyə yaxşı qız tapa bilmirəm. Özündən böyük bacıları var, onlar halal süd əmmiş qız tapır, yenə ailə qurmaq istəmir. Nə bilim, vallah. Yəqin mən ölənə kimi evlənər.

Rəhmətliklə Kamran Ağayevin “Keşlə”nin formasını geydiyi vaxtlarda “ASK Arena”da belə bir dialoqumuz olmuşdu. Ata kimi oğlunun uğurlarından doyduğunu bildirmək üçün bundan artıq nə deməliydi? Gözünün ağı-qarası bir oğul balasının xoş gününü görmək, əl qaldırıb oynamaq istəyirdi. Kamranın balasını qucağına alıb baba hissini doyunca dadmaq istəyirdi.

Həyat yoldaşı, Şabranda hər kəsin sevimlisi olmuş Həqiqət xanım (müəllimə) dünyasını illər öncə dəyişmişdi. Qızları da ailə qurub ər evinə köçmüşdülər. Ona görə də umduğu yer Kamran idi. Gəlinin əlindən çay içmək, başını nəvəsiylə qatmaq. Oğlunun ailəsinə baxıb fəxr etmək idi istəyi. Qismət olmadı...

Mən əslən siyəzənli, o isə şabranlıydı. Bu iki rayonu bir-birindən 17-18 kilometrlik məsafə ayırır. Eyni zonadan olduğumuz üçün hər dəfə stadionda görüşəndə dərdi təzələnirdi. “Siyəzənli balası” deyib müraciət edər, Şabrana gedib onu yoluxmadığıma görə qınayardı. Rayondakı hörmətindən söz açar, qonağı olmağım üçün yeyib-içmək masası ilə şirnikləndirərdi.

Kamran sizə ölənə kimi toy-büsat, nəvə göstərə bilmədi, Adil dayı. Mən isə bircə dəfə də olsun, yolumu Şabrandan salıb, sizinlə təmiz havadan udub dərdləşə bilmədim. Çünki aramızdan belə tez ayrılacağınızı gözləmirdik. İdmançı görkəmli, şux bədənli halınız gələcəyə böyük ümidlər verirdi.

Bundan sonra Kamran evlənəcək də, ailə-uşaq sahibi də olacaq. Əminəm ki, övladına Adil adını qoyacaq. Mən də hər dəfə Şabrandan keçəndə ruhunuza rəhmət oxuyacam. Amma nə fayda? Sağlığınızda ki, edə bilmədik.

Allah sizə rəhmət eləsin, Adil dayı!

HƏBİB