Şotlandiyalı Con Bitonun start fitini çalmasına təxminən 6 saat vaxt var. Bu dəqiqə “Qarabağ” camiəsi – klub rəsmiləri, məşqçilər heyəti, futbolçular, həkim və inzibatçılar, masajçı Rəhman gözlərini telefona zilləyib, ölkə Prezidentindən “tvit” gözləyir. Ağdərədən, Qubadlıdan, Laçından xoş xəbər eşitməyə saatlar, bəlkə də dəqiqələr qalıb.

Bu gün komandanı meydana kapitan sarğısında çıxaracaq Qara Qarayevin ürək döyüntülərinin şiddətini torpaqları işğaldan azad olunan məcburi köçkünlər daha yaxşı bilər. Odur ki, qarabağlı balasının telefona “yapışdığına” zərrə qədər də şübhəm yoxdur. “Feysbuk”da xəbər dalınca düşüb deyə, bu yazı mütləq qarşısına çıxacaq. Və öz adıyla başlığı görən kimi, istəsə də, istəməsə də açıb oxuyacaq. Hərçənd, hazırda insanları nə top, nə meydan, nə də hansısa oyunun nəticəsi maraqlandırır. Cəbhədən xoş xəbərlər eşitmək arzusundadır hər kəs. Amma mən yenə də Qaraya mesaj yazıb, yazını oxumasını xahiş edəcəm.

Qara, ölkədəki vəziyyətin hansı yerdə olduğunu hamıdan yaxşı sən bilirsən. Son vaxtlar əvvəlki emosialarının “ölməsinin” başlıca səbəbi də sırf futbolla yox, həm də müharibəylə yaşamağındır. Sonuncu telefon danışığımızda Ordudan söhbət düşəndə, verdiyin pauzanın və titrəyən səsinin hansı məna verdiyini anlamaq çətin olmamışdı mənim üçün.

Bu gün İsraildə Qurban Qurbanov Ali Baş Komandan, sən general-polkovnik, komanda yoldaşların isə sizin, bizim, sənin, mənim arxan(m)ızda dağ kimi dayanan əsgər və zabitlərdir. Bu gün bizim üçün xüsusi gündür. Qarabağın adını daşıyan və illərdir Avropada xarüqələr yaradan qaçqın komanda növbəti sınaq qarşısındadır. Hadrutdan başlayan, Cəbrayılda davam edən, sonuncu dəfə Mincivanda dayandığınız yolu uğurla davam etdirməkdəsiz. Amma bu hələ son deyil. Müharibə davam edir.

Bu gün dığalar da sizin oyununuza baxacaqlar. Dünyanın hər yerinə səpələndikləri kimi, İsraildə də sayları kifayət qədərdir. Canlarına od salmaq, gözlərini kor etmək üçün əlinizə əla imkan düşüb. Qarabağda Ordumuz iri addımlarla irəlilədiyi kimi, Təl-Əvivdə siz əsl Azərbaycan oğlu olduğunuzu göstərməlisiz. “Qarabağ” yazmağa əlləri gəlməyib, “Azərbaycan komandası” yazmışdılar ha, bax, həmin alçaqlara “Qarabağ”ın nə etdiyini göstərməlisiz.

Qara, Qurban Qurbanovun oyunla bağlı iclası başa çatandan sonra ftubolçu yoldaşlarını bir yerə yığıb, kənara çək. Onları döyüşə hazırla, ruh ver, nə hisslər keçirdiyini izah et. Ovusu, Abdulla, Kevin, Donald, Uroş – hər biri axşamkı məsuliyyəti dərk etməlidir. Ki, Bitonun final fitindən sonra Polşadakı kimi, üçrəngli bayrağımıza sarılıb meydanı dövrə vurasız. “Makkabi”nin qapısına vuracağınız hər qol işğal altında olan hansısa şəhərimizin geri qaytarılması qədər şirin olacaq. Onu şirin edən isə sizlər olacaqsız.

Haydı Qara, haydı “Qarabağ”, haydı Avropadakı fəxrimiz!

HƏBİB