Futbol üzrə Azərbaycan milli komandası son 4 gündə 2 oyun keçirdi. UEFA Millətlər Liqasının 2020/2021 mövsümü çərçivəsində ilk oyununda doğma meydanda Lüksemburqa (1-2) uduzan yığma komanda səfərdə Kipr üzərində minimal hesablı qələbəyə sevindi – 0:1.

Futbolda qızıl qayda belədir - komanda uduzursa tənqid, qalib gəlirsə tərif eşidir. Bizdə bir çox sahələrdə olduğu kimi futbolda da tənqidə dözümsüzlük var. Futbolçular, məşqçilər heyəti və AFFA rəhbərliyi uğura görə xoş sözlər eşidirsə (uğur az olursa, bu azarkeşin problemi deyil), məğlubiyyət zamanı da layiq olduğu sözləri qəbul etməli, nəticə çıxartmalıdır.

Lüksemburq məğlubiyyətində milli komanda tənqid olunmuşdusa, Kipr qələbəsində həm oyun üslubu, həm də nəticəyə görə xoş sözlər eşitdi. Lüksemburqdan fərqli olaraq, Kiprlə oyunda futbolçular sona qədər döyüşdülər. Həddindən artıq isti hava şəraitində keçən oyunda ikinci hissə nisbətən ağır keçsə də, yığma oyun boyu bir çox komponentlərdə rəqibdən üstün oldu.

Qarşılaşma öncəsi start heyət və taktiki düzülüş də azarkeşlər tərəfindən tənqid olunmuşdu. 8 müdafiəçi ilə çıxılan matçın startından etibarən baş məşqçi Canni De Byazinin düzgün seçim etdiyi özünü göstərdi. İtaliyalı mütəxəssis rəqibi yaxşı analiz etmiş və ona uyğun oyun planı hazırlamışdı. Byazi oyundan sonra verdiyi açıqlamada Lüksemburqla qarşılaşmanın milli ilə ilk oyunu olduğunu xatırladaraq millimizin çıxışını bəyənmədiyini etiraf etdi: "Lüksemburqa qarşı oyunla müqayisədə heyətdə bir neçə dəyişikliklər oldu. Həmin görüş xoşuma gəlməmişdi. O, ilk oyunum idi. Çünki yoldaşlıq görüşləri keçirmək imkanımız da olmamışdı. Bu gün yeni nəfəs lazım idi. İki yeni oyunçunu meydana buraxdıq. Abbas Hüseynov və Rəhim Sadıxov çox xoşuma gəldi. Komandaya yaxşı kömək etdilər. Mənim üçün ən vacibi də futbolçuların komandaya kömək etmək istəyidir. Bu gün tribunada olan futbolçular da həmçinin bizə böyük dəstək oldular. Bu, vacib məqamdır. Komanda təkcə 11 nəfərdən deyil, 25 nəfərdən ibarətdir. Bu gün də onların səsini eşitdik".

Kiprlə oyundan sonra CBC Sport-a açıqlamasından sonra gülərək “yaxşı alındı?” sualını verən və buna görə tənqid hədəfi olan Maksim Medvedev isə həm yaşanan anlaşmazlığa aydınlıq gətirdi, həm Lüksemburqla oyunda məğlubiyyətin əsas səbəbini açıqladı, həm də Kipr üzərində qələbədə De Byazinin düzgün analiz və taktiki sxem tətbiq etdiyini açıqladı:

“Lüksemburqla qarşılaşma ilk oyun idi, Futbolçular və taktiki sxem fərqli idi. Oyunumuz istədiyimiz kimi alınmadı. 25-ci dəqiqədə 10 nəfərlə qalmağımız bütün planlarımızı alt-üst etdi. Futboldan anlayışı olan hər kəs gözəl bilir ki, komanda azlıqda qaldıqda necə çətin olur. Oyundan sonra yaşananlar zamanı çox adam məni səhv başa düşdü, lakin ətrafımda olanlar reallığın nə olduğunu bilirlər. Müsahibə verməmişdən öncə soruşdum ki, rusca danışa bilərəm? Çünki mənə rusca danışmaq daha rahatdır. Dedilər ki, azərbaycanca necə bacarırsansa, danış. Müsahibənin ardından soruşdum ki, necə alındı? Sonradan mediada bu sözümün şişirdildiyini gördüm. Barəmdə tənqidi fikirlər səsləndirildi. Kiprlə oyuna gəlincə, Görüş çox ağır keçdi. Karantindən sonra bəzi futbolçularda fiziki durum tam istənilən səviyyədə deyildi. Oyunlar arasındakı interval isə cəmi 3 gün qoyulub. Üstəlik, yolu da qeyd etmək istərdim. Baş məşqçimiz Canni De Byazi rəqibi yaxşı analiz etdi. Fərqli taktiki sxemlə oynadıq. İlk "11-lik"dəki və oyuna sonradan daxil olan oyunçular da özlərini müsbət tərəfdən göstərməyi bacardılar”.

Kiprlə oyunda qələbə, 3 xal öz yerində, müəyyən çatışmazlıqlar da özünü  aşkar biruzə verirdi. İlk hissə ilə müqayisədə ikinci hissədə futbolçuların performansında xeyli eniş oldu. İsti hava şəraiti (kölgədə 45 dərəcə), karantin səbəbindən oyunçuların uzun müddət məşqsiz və oyunsuz qalmasının müəyyən təsirləri danılmaz olsa da, azərbaycanlı futbolçuların fiziki baxımdan dözümsüzlüyü hər zaman aktual olub…

Onu da unutmayaq ki, azarkeşlər son 12 oyunda Xorvatiya ilə oyundakı heç-heçə xaric qələbə üzü görməyən yığmanın məhz zəif Kipri yenməsinə çox da diqqət etmədilər. Futbolsevərlər üçün rəqibin kimliyi, gücü deyil nəticə önəmlidir.  AFFA rəhbərliyi, millinin məşqçilər heyəti və futbolçular isə buna xüsusi yanaşmalıdırlar. Yığmamızın əvvəlki turnirlərdə də arada bir zəif rəqibi məğlub etdiyinin, bir güclü komandanı büdrətdiyinin şahidi olmuşuq. Yenidən eyni aqibəti yaşamamaq üçün çox çalışmaq və əvvəlki səhvləri təkrarlamamaq lazımdır. Və bir də, qələbə gözəldir, davamı olsa. Millimizin uğurlu seriyanı davam etdirəcəyini, növbəti qarşılaşmalarda Kiprlə oyundakı qələbənin təsadüfi olmadığını sübut edəcəyi ümidi ilə…