"Qarabağ" sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Belçika "Gent"i ilə qarşılaşacaq.
Ağdam təmsilçisi matça əsas qapıçısı Şahruddin Məhəmmədəliyevsiz çıxacaq. 28 yaşlı qolkiper zədə səbəbilə komandasına kömək edə bilməyəcək. O cümlədən bu yaxınlarda Kadi Borges və Kvabena Ovusu kimi futbolçularını da satan "atlılar"ın "Gent"lə görüşdə necə təsir bağışlayacağı maraq doğurur.
Matçla bağlı Offsideplus.az-a danışan Azərbaycan millisinin sabiq üzvü, futbol eksperti Ceyhun Sultanov adıçəkilən oyunçular olmasa da, "Qarabağ"ın öz oyun üslubuna, avrokubok təcrübəsinə əsaslanaraq rəqibi keçə biləcəyini bildirib: "Kadi, Ovusu kimi futbolçuların yoxluğuna, Şahruddinin zədə səbəbilə bu görüşü buraxmasına, həm də Ağdam klubunun hazırda ideal formasında olmamasına baxmayaraq, "Qarabağ" öz oyun üslubuna və avrokubok təcrübəsinə əsaslanaraq nəticə qazana bilər. Sabahkı matçda təmsilçimizdən yaxşı və maraqlı oyun gözləyirəm. Stadionda da böyük anşlaq olacaq. Bu dəstəyin qarşısında "Qarabağ"ın layiqli oyun göstərib, ən pis halda heç-heçə edəcəyinə inanıram. Çünki Ağdam təmsilçisi səfər matçlarında da çox yaxşı təsir bağışlayır. "Qarabağ"a uğurlar arzu edirəm!".
Xatırladaq ki, fevralın 16-da keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.
Daşqın Əziz