"Neftçi" klubunun baş məşqçisi Samir Abasov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah İsraildə "Makkabi"(Hayfa) ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis ilk olaraq matç barədə danışıb:
“Bu cür oyuna bu cür itkilərlə gəlmək xoş deyil. Əsas heyətimizin 3 üzvü sabah oynamayacaq. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli və sanballı futbolçulardan ibarət bir komandadır. Düşünürəm ki, UEFA Konfrans Liqasının da üstündə bir səviyyədə olan komanda ilə qarşılaşacağıq. Hücum xəttinin gücünü, futbolçuların texnikasını ilk qarşılaşmada hiss etdik. Bir neçə gün əvvəl “Makkabi” İsrail Kubokunda oyun keçirdi, biz də bu matça baxmışdıq. Heyətdə dəyişikliklər olmasına baxmayaraq, oyunun keyfiyyəti itmədi. Lakin buraya qolumuzu sallayıb gəlməmişik, müqavimət göstərmək üçün gəlmişik. Bu matç bizim son şansımızdır. İnşallah, Konfrans Liqasının qrupuna düşən tərəf biz olacağıq. “Makkabi”yə qarşı müqavimət göstərəcəyik”.
- Nikita Rukavitsanın “Neftçi”yə gəlməsi münasibəti ilə sizi təbrik edirik. Bu futbolçudan gözləntiləriniz nədir?
- Bu futbolçu ilə müqavilə bağlamamışıq, lakin danışıqlıqlar gedir. Digər hücumçularla da danışırıq. Mətbuatda bu barədə çox yazırlar, amma mən heç onun üzünü belə görməmişəm. Gizlətmirəm, danışıq apardığımız futbolçudu.
- İsrail mətbuatında “Neftçi”nin 3:1 önə keçdiyi anda mükəmməl futbol oynadığını və sabah da bunun baş verə biləcəyini yazır. Sabah da “Neftçi”dən belə performans gözləmək mümkündür?
- Birinci matçın elə birinci hissəsində gözləntilərimiz çox idi. Amma ilk 45 dəqiqədə oyunumuz alınmadı, amma daha sonra 3 qol vura bildik. Sabah da bunu edə bilərik. İtkilərimiz çoxdur. Xüsusən də Yusuf Lavalın olmaması bizim üçün çox çətin olacaq. Nə qədər şişirtsələr də, bizi ağır matç gözləyir. “Makkabi”nin fanatları, səfər meydanı amili da bizə təsir edəcək. Lakin məqsədimiz rəqibə müqavimət göstərmək və yaxşı nəticə əldə etməkdir.
- “Neftçi” nə qədər qol vurmalıdır ki, mərhələ keçsin?
- Sabah oyunu düzgün qurmalıyıq, diqqətli olmalıyıq. Məqsədimiz qol buraxmamaq olacaq. İlk matçda rəqibin ustalığı önə çıxdı, heçnədən qol epizodları yaratmaqlarının şahidi olduq. Artıq gördüyümüz, bildiyimiz hücumlarının qarşısını kəssək, yaxşı nəticə əldə edə bilərik.
- Sabahkı oyun üçün düşündüyünüz bir heyət varmı?
- İtkilərimizi bildikdən sonra, beynimizdə rotasiyaları fikirləşirdik. Amma sabahkı oyunun heyəti fikrimizdə var. İndi adları açıqlamaq düzgün olmaz, lakin məşqlərdə buna hazırlşamışıq. “Makkabi”nin bu matça necə hazırlaşdığını 1 həftə ərzində görürdük. Bunlara bir çarə tapsaq, sabah şansımız olacaq.
- Neftçinin müdafiə xətti bu oyuna hazırdırmı?
- Bütün komanda hazırdır. Müdafiədə səhvlər buraxırıq, bunu biz də bilirik. Amma əlimizdə olan bütün futbolçular qarşılaşmaya hazırdır.
- “Zirə” ilə oyunda daha çox gənclərə şans verdiniz. Əsas heyətin üzvləri dincələ bildimi?
- Bəzi oyunçulara dincəlmək üçün vaxt verdik. “Makkabi” ilə ilk oyun ağır keçdi, ard-arda oyunlar keçirirdik. Ola bilər, yorğunluq fonunda çox səhvlər buraxırdıq. Lakin bəzi futbolçuların fiziki yorğunluğunu 1 həftə ərzində aradan qaldıra bildik.
- Sabah bəzi gənc futbolçuları meydana görə biləcəyik… Onlara psixoloji olaraq çətin olmayacaqki?
- Hazır olub-olmadıqlarını indi demək düzgün olmaz. Biz onlara inam veririk, güvəndiyimizi göstəririk. Onlar da belə oyunlarda böyüyəcəklər.