"Neftçi"nin baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının pley-off mərhələsində "Makkabi" ilə keçirdikləri matçdan sonra mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, "flaqman"ın çalışdırıcısı oyun haqqında bunları deyib:

"Oyunun həyəcanından hələ də çıxmamışıq. Bu qədər qol vurulursa, azarkeşlər də matçdan zövq alırlar. Məqsədimiz özümüzə inanmaq, döyüşmək və vuruşmaq idi. Rəqibin səviyyəsini, gücünü bilirdik, amma uduzmaq fikri ilə meydana çıxmamışdıq. Matçdan əvvəl bir planımız var idi. Birinci hissədə rəqib daha yaxşı təsir bağışlayırdı və biz buna hazır idik. Fasilədən sonra nələrin dəyişdiyi haqqında soruşursunuzsa, deyə bilərəm ki, hətta birinci hissədə belə qol və qollar vura bilərdik. Sadəcə son paslar, son toxunuş bəzən çatmırdı. İkinci hissədə isə etməli olduğumuz şeylər alınmağa başladı, ard-arda qollar vurduq. Hər bir futbolçuya təşəkkür edirəm. Cavab matçı var və hər şeyə sıfırdan başlayacağıq. İtkilərlə yollanacağımızı bilirk, amma pozitivliyimizi qoruyuruq. İndi bütün diqqətimizi “Zirə” ilə matça yönəldəcəyik.

- "Neftçi" həmin 17 dəqiqəlik zaman kəsiyini 90 dəqiqə göstərə biləcəkmi?

- Oyunlardan öncə biz 17 dəqiqəlik plan qurmuruq. Bəzən nələrsə alınır, bəzən isə yox. Bizim istəyimiz 90 dəqiqə belə oynamaqdır. Bəlkə kiməsə anormal gələ bilər, amma birinci hissədə də bütün bunları edə bilərdik, amma futbolçular bir-birilərini yaxşı anlaya bilmirdilər. Oyunun atmosferinə düşmüşdük. Bəxtsiz buraxdığımız qol oldu, lakin o, bizi sındırmadı. Birinci hissənin sonunda özümüzə inanmağa başladıq. Oyun planımızı keyfiyyətə çevirə bildik. Vurduğumuz ikinci qol məni sevindirir. Aylarla bu epizodun üzərində işləyrdik və futbolçular belə vacib matçda özlərini itirmədilər və ev tapşırığını yerinə yetirdilər.

- Müdafiədə buraxılan səhvlər bitmir. Mamadu Mboc, Ömər Buludov, indi isə İsmayıl Zülfüqarlı...

- Növbəti oyunlarda hücumçuları müdafiədə oynadacağıq (gülür). Bəzi epizodları çox şişirdirik. Birinci hissədə rəqib daha yaxşı idi, bunu danmaq olmaz. Müdafiə deyəndə, ümumi komanda şəklində hansı zonaları bağlamalıydıq, bunun öhtəsindən gəldik, çünki “Makkabi”nin çox təhlükəli futbolçuları var. Heç bir oyunçumun günahı yoxdur. İndividual səhvlər var idi, bəli, amma bunları aradan qaldıracağıq. İsmayıl haqqında çox danışmaq istəmirəm, gənc futbolçudur. Ona və digərlərinə də şanslar verəcəyik. Amma ola bilər ki, hücumçuları müdafiədə oynadacağıq (gülür).

- Mert Çelikdə matçın əvvəlində həyəcan hiss olunurdu…

- O da çox gəncdir. Bəzən təcrübəli futbolçularda belə həyəcan olur. Mert belə üst səviyyəli qarşılaşmalar keçiribki?

- Rəqib bir neçə dəfə qola çox yaxın oldu. Səfər matçında bunların üzərində işləyəcəksinizmi?

- Bəli, 100 faiz əmin ola bilərsiniz. Çalışacağıq ki, bu epizodları rəqibə verməyək.