"Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Makkabi"yə (Hayfa) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı qarşılaşma haqqında bunları deyib.
"Oyunun çətinlikliyi barədə danışmaq artıqdır. Bu turnirdə qalmaq üçün son şansımızdır. Əlimizdən gələni edib, bacardığımızı edəcəyik ki, Konfrans Liqasında qalaq. Yaxşı nəticə haqqında düşünürük. Rəqib hörmət etdiyimiz, ciddi komandadır. "Makkabi" bu vaxta qədər oynadığımız ən təhlükəli rəqibdir. Rəqibin oyunlarına baxmışıq, xeyli sayda təhlükəli oyunçuları var. Sabah onlara qarşı mübarizə aparmaq çətin olacaq, amma buna hazırıq.
- Zədəli və xəstə oyunçularınızın vəziyyəti nə yerdədir?
Son matçdan sonra bəzi futbolçuların səhhətində problemlər yaşandı. Sezar Meza Kolli “Qəbələ” ilə oyunu cəza səbəbindən buraxırdı, bəzi futbolçulara isə istirahət vermişdik. Bu məsələlər planlarımıza daxil deyildi. Sabah bəzi futbolçular nə dərəcədə hazır olacaqlar, demək çətindir. Fiziki durumları sabah 100% bacardıqlarını göstərməyə imkan verəcəkmi, bilmirəm. Cəzalı futbolçularımız yoxdur. Bildiyiniz kimi, Uqu Baştu koronavirusdan əziyyət çəkirdi, amma artıq komandaya qoşulub. Lakin sabah meydanda olmayacaq. Heç bir fiziki məşq keçmirik ki, onu tez bir zamanda hazır vəziyyətə gətirək. Onun adı sabah iştirak ərizəsində ola bilər, amma meydana çıxmayacaq.