UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa, israil) matçından öncə təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Barak Bakar jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə danışıb:

- Çox çətin oyun olacaq. Pley-off mərhələsidir, burda adi matç olmur. Çox yaxşı komandaya qarşı oynayacağıq. “Neftçi” xüsusilə öz meydanında güclüdür. Ona görə də işimiz çətin olacaq.

- “Neftçi”nin mübarizədən kənarlaşdırdığı “Dinamo” (Tbilisi) ilə qarşılaşmısız. “Neftçi” bu komandadan hansı komponentlərdə üstündür?

- “Neftçi”nin oyununa baxmışıq. Onlar həmin cütün favoriti idilər və mərhələ keçməyə layiq idilər. Həmin nəticə bizim üçün sürpriz olmadı. Onu da nəzərə alaq ki, həmin matçlar “Neftçi” üçün ilk oyunlar idi. İndi “Neftçi” daha güclüdür. Həmin oyunlarda “Dinamo”nu layiqincə üstələyib.

- Həmin matçlada “Neftçi”nin iki qolunu vuran Namiq Ələsgərov indi yoxdur. Bunu özünüz üçün üstünlük sayırsız?

- Deməzdim ki, bu amil işimizi asanlaşdıracaq. Çünki “Neftçi” özü güclü kollektivdir. Hər hansı oyunçuya qarşı yox, bütün komandaya qarşı hazırlaşırıq.

- “Neftçi”ni təhlil etmək üçün kifayət qədər vaxtınız oldumu və rəqibinizin hansı oyunçularını xüsusi qeyd edə bilərsiz?

- Kifayət qədər zamanımız var idi. Sabahkı oyuna tam hazırıq. “Neftçi”nin heyətində bir neçə yaxşı, istedadlı oyunçuları var. Bu da rəqibi güclü komanda kimi formalaşdırır.