Konfrans Liqasının III təsnifat mərhələsində sabah "Zirə" səfərdə "Osiyek"lə qarşılaşacaq.
Bu oyun "qartallar" üçün müsbət nəticə əldə etmək baxımından böyük əhəmiyyət kəsb edir. "Osiyek" isə tanınmış xorvatiyalı futbolçuları ilə güclü rəqib kimi Azərbaycan təmsilçisinin qarşısına çıxacaq.
Matçda "Zirə"nin şanslarını dəyərləndirməsi üçün Aslan Kərimovla əlaqə saxladıq. Azərbaycan millisinin sabiq üzvü Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Sözün düzü, "Osiyek" haqqında çox məlumatım yoxdur. Oyunlarını izləməmişəm. Şansımızı 50 faiz qiymətləndirirəm. "Zirə"nin son turlardakı oyunlarında böyük irəliləyiş hiss edilir. Keçən ilki matçlarla müqayisədə, bu mövsüm "dişli" və mübariz bir komandaya çevriliblər. Əvvəllər kollektiv daha çox müdafiə olunurdu. Düzdür, qol imkanlarını yaradırdılar, amma bəzən həmin şanskarı reallaşdıra bilmirdilər. Bu mövsümdən oyunçu keyfiyyətini artırmağa başladılar. "Şerif"lə qarşılaşmalarda üstün olduqlarını göstərdilər, amma, qırmızı vərəqədən sonra oyunu penaltilərə apararaq məğlub oldular. Bu, əslində nəticəni tam əks etdirmir. "Zirə"nin oyunu yaxşıdır, amma, qarşılarında "Osiyek" var. Xorvat klubları yaxşı oyunçuları yetişdirir. Həm də yaxşı legionerlər gətirirlər. Bütün bunlar "Zirə"nin "Osiyek"lə oyununu çətinləşdirir. Xırda nüanslar böyük rol oynayacaq. Oyunun hansısa məqamında fərdi səhvlər önəm kəsb edəcək. Bir yanlışlıq komandanın məğlubiyyətinə səbəb ola bilər. Eyni zamanda, rəqibin səhvlərini dəyərləndirə bilsən, qalib də gələ bilərsən. Strategiya baxımından yanılası deyilik, amma, futbolda xırda nüanslar çox əhəmiyyətlidir. Bir oyunçunun səhvi komandanın məğlubiyyətinə səbəb ola bilər. Bu, "Zirə"nin Konfrans Liqasındakı şansını məhdudlaşdırmır. Maraqlı bir oyun olacaq".