"Qarabağ" UEFA Konfrans Liqasının pley-offunda "Gent"ə məğlub olaraq mübarizəni dayandırıb.
Futbol eksperti, menecer Səbuhi Səfiyarlı Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisinin cavab oyunundakı performansını dəyərləndirib, mərhələ adlaması üçün "Qarabağ"ın çatışmayan cəhətlərindən söz açıb:
“Birinci oyundan sonra “Qarabağ” göstərmişdi ki, bu komanda ilə bərabər səviyyədə futbol oynaya bilər. Bakıdakı oyundan sonra səfərdə də Ağdam komandasının daha yaxşı oynayacağını gözləyirdik. “Qarabağ”ın bu oyununa pis demək olmaz, lakin daha yaxşı çıxış edə bilərdi. Cavab matçında oynaya biləcəyindən zəif oynadı. Bunun da obyektiv səbəbləri var.
Komandanın zəif oynamasının səbəbləri “Qarabağ”ın mərhələ adlaması üçün çatışmayan cəhətləridir. Bu da əsasən heyətdəki problemlərlə bağlıdır. “Qarabağ”ın əsas gücü olan hücum xətti əvvəlkindən daha zəif təsir bağışlayırdı. Bunu da onunla əlaqələndirə bilərik ki, komandanın həlledici halqa hücum xətti əvvəlki kimi deyil. Məsələn, cinahda yaxşı formada olan Zubir, Kadi və son vaxtlar Ovusunun vacib rol oynadığını görürdük, hər biri oyunun taleyini həll edəcək oyunçular idi. Lakin bu oyunda yaxşı formada olmayan Zubir, bu oyunlar üçün təcrübəsi yetişməmiş Musa Qurbanlı və Ramil Şeydayevi gördük. Hücum xətti də rəqibi lazımi qədər təzyiqdə saxlaya bilmədiyi üçün, hücuma keçirdilər, arxa və orta xəttə çox yük düşürdü. Bu səbəbdən də oyunun gedişində çox yorulmağa başladılar. Nəticədə hücuma çıxmaqda problemlər yaranırdı. Buna baxmayaraq, komanda son ana qədər döyüşdü, şansını qorudu. Lakin dediyim ki, heyətdəki problemlər, oyuna 1 aydan az vaxt qalanda əsas heyət oyunçusu Ovusu və Kadini itirmək, əsas qapıçısından məhrum olmaq hər komandanın altından çıxa biləcəyi yük deyil”.
S.Səfiyarlı sosial şəbəkələrdə baş məşqçi Qurban Qurbanovun istefaya çağırılması ilə bağlı fikirlərini bölüşüb:
“Qurban Qurbanovu istefaya səsləmək qeyri-ciddi bir şeydir. Azarkeş emosiya ilə davranır, 1-2 yaxşı nəticədən sonra həmin azarkeşlər deyəcək ki, yox, Q.Qurbanov qalıb, işləsin. İstefa məsələsinə gəlincə, durum belədir ki, bu gün “Qarabağ”ın baş məşqçi postuna Qurban Qurbanovdan daha yaxşı namizədi olmayacaq. Taktikada yox, heyətlə bağlı səhvlər ola bilər, dəyişikliklər baş məşqçinin istədiyi effekti verməyə bilər. Bakıda həmin dəyişikliklər yaxşı təsir bağışladı, amma cavab oyununda eyni nəticəni göstərmədi. Tutaq ki, eyni oyunçuları tənqid edirlər ki, meydana çıxıb, bir şey etmədilər. Lakin başqa futbolçular meydana çıxıb, nəticə verməsəydi, yenə də deyəcəkdilər ki, niyə Bakıdakı dəyişikliklər olmadı? Azarkeş olaraq oyundan sonra tənqid etmək asandır. Məncə, “Qarabağ” yoluna davam etməlidir, düz yoldadırlar. Komanda nəyəsə təsadüfən və asan nail olmayıb. Hər şey mərhələ-mərhələ gəlib. İllər əvvəl pley-off mərhələsinə yüksəlir, məğlub olur, sonra yavaş-yavaş pley-offu keçib qruplara düşməyə başladılar. Çempionlar Liqasının qrupunda oynamağa, qrupdan çıxmağa çalışırdılar. Keçən ilə qrupdan çıxıb, pley-offa düşdülər. Bu il pley-offda bir qələbə qazandılar. Gələn il isə yetişib, bu mərhələni də keçə biləcəklər. Hər şey pillə-pillə baş verir. “Qarabağ” heç vaxt bazası olmayan nəticələrlə fərqlənməyib. Hər şeyə əsaslı şəkildə gəlib, çatıblar”.
Qeyd edək ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab qarşılaşmasında "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzaraq Konfrans Liqasında mübarizəni dayandırıb.