“Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda Belçika “Gent”i ilə üz-üzə gələcək.
Futbol eksperti, menecer Səbuhi Səfiyarlı Offsideplus.az-a açıqlamasında oyun ilə bağlı gözləntilərindən söz açıb, "köhlən atlar" və Belçika təmsilçisinin güclü və zəif tərəflərini dəyərləndirib.
O, “Gent”in müdafiə xəttinin son dönəmlərdəki vəziyyətinin yaxşı olmadığını, Qurban Qurbanovun komandasının qol vurmaq şansının olacağını bildirib: “Pley-off mərhələsində əsasən öz qruplarında uğurlu çıxış edən komandalar mübarizə apardığı üçün kimisə zəif hesab etmək olmaz. Lakin iştirak etdiyi çempionata, təmsil etdiyi ölkəyə və büdcəsinə görə “Gent” üstün favorit sayılır. Buna baxmayaraq, biz bilirik ki, “Qarabağ” kağız üzərində favorit olan çox rəqibləri məğlub edib. Bu cütdə də Ağdam təmsilçisinin qələbəsinə ümidimiz böyükdür. Proqnoz vermək çətin olsa da, rəqibin oyununu analiz edəndən sonra bəzi faktlara əsasən fikir bildirmək olar. Belə oyunlarda konkret hesab demək çətindir, lakin bunu demək olar ki, “Gent”in müdafiə xətti heç də etibarlılığı ilə seçilmir. Təsadüfi deyil ki, son 3 oyuna 9 qol buraxıblar. Ona görə də, “Qarabağ”ın qol vuracağını proqnozlaşdırmaq olar. Buraxdıqları qolların xüsusiyyətlərinə diqqət etsək, əsasən mərkəz müdafiəçilərinin ağır davranışı qapılarında qol vəziyyətinin yaranması ilə nəticələnib. Qapıçının qaytardığı, dirəyə dəyib qayıdan, müdafiəçilərdən keçən toplara cərimə meydançası daxilində vaxtında reaksiya verə bilmirlər. Buna görə düşünürəm ki, “Qarabağ”ın mütləq qol vurmaq şansı olacaq. Bir yox, bir neçə şanslar yaranacaq. Sadəcə, o epizodlardan yararlanmaq üçün futbolçuların konsentrasiyası yüksək səviyyədə olmalı, ikinci isə ustalıq səviyyəsi imkan verməlidir ki, bu imkanları qola çevirə bilsinlər. Ona görə də hesab edirəm ki, “Qarabağ”ın bu oyunda qol vurmaq şansı olacaq”.
S.Səfiyarlı rəqibin hücuma sürətli keçidi və “Qarabağ”ın zəif tərəfləri barədə bu sözləri deyib: “Bilirik ki, yaxşı nəticə üçün təkcə qol vurmaq deyil, öz qapısını da toxunulmaz saxlamaq vacibdir. Bunun üçün də “köhlən atlar”ın diqqət yetirməli olduğu bəzi məqamlar var. Ən əsası odur ki, rəqibin hücum xətti çox sürətlidir. Orta sahədə topu ələ keçirən kimi topu saxlamaq barədə yox, birbaşa hücum oyunçularını zərbə mövqeyinə çıxarmağı düşünürlər. Topu ələ alan yarımmüdafiəçilər bir ötürmə ilə hücum xəttini rəqibin qapıçısı ilə təkbətəkə çıxarmağa çalışırlar. Çox vaxt müdafiənin arxasına topu göndərməklə buna nail olurlar. Ona görə də, həm yarımmüdafiəçilər diqqətli olmalıdırlar ki, topu meydanın özlərinə aid olan hissəsində itirməsinlər. Bu halın yaşanacağı təqdirdə isə müdafiəçilər uyğun mövqedə dayanmalı, bir ötürmə ilə rəqib futbolçu təkbətək, zərbə mövqeyinə çıxa bilməsin. Bunlar çox vacib detallardır. Xüsusilə də, yarımmüdafiədə son vaxtlar Julio Romaonun oyununda tez-tez top itkisinə yol verilir. Azərbaycan çempionatında bu, o qədər də nəzərə çarpmasa da, belə oyunlarda həmin top itkisi “Qarabağ” üçün pis nəticələnə bilər. Bu faktorlar nəzərə alınsa və Ağdam komandası yaranacaq qol vəziyyətlərini reallaşdıra bilsə, bugünkü oyunda yaxşı nəticəyə ümid etmək olar”.
Xatırladaq ki, Tofiq Bəhamov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” qarşılaşması saat 21:45-də başlayacaq.
Günay Xəlil