"Gent" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Belçika təmsilçisinin baş məşqçisi Heyn Vanhazebruk jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ" Belçikada o qədər də tanınmır. Bu klub haqda fikriniz necədir?
- "Qarabağ" çox yaxşı komandadır. Çempionlar Liqasında çıxış ediblər. Bu mövsüm ÇL-də pley-offa qədər irəlilədilər. Belçika klubları baxıb öyrənməlidir ki, bunu necə etmək olar, necə gəlib çatmaq olar ora, örnək götürülməlidir. Polşa, Macarıstan, İsveçrə çempionlarını uddular. Avropa Liqasında üç böyük ölkənin klubları ilə qarşılaşdılar. "Frayburq"la çox yaxşı oynadılar, həmin matça baxdım. 10 nəfərlə qalanda da üstün futbol nümayiş etdirmişdilər. "Qarabağ"da baş məşqçisinin təsiri üst səviyyədədir və onun sayəsində buralara gəlib çıxıblar.
- "Qarabağ" evdə iki dəfə Belçika klublarını məğlub edib, "Brügge" və "Anderlext"i...
- Bu oyunlar uzun zaman öncə idi. Biz də önəmli oyunçularımızı itirmişik. Səhv etmirəmsə, bu mövsüm "Qarabağ" evdə bir dəfə məğlub olub. Ötən mövsüm "Marsel"ə uduzublar. Bizim üçün çətindir. Çünki 30 min azarkeş qarşısında oynayacağıq. Bu, bizi həyəcanlandırır. Çətin oyun olacaq.
- "Gent"in "Qarabağ"dan qorxduğunu söyləmək olar?
- Xeyr. "Qarabağ"a hörmətimiz var. Biz "Tottenhem"ə qarşı da oynamışıq. Qorxmaq lazım deyil. Biz "Qarabağ"dan qorxmuruq.