"Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın artıq komandaya qoşulacağını bildirib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".
Qurbanovun sözlərinə görə, "Bazel"in oyununda yaxşı mənada dəyişiklik var: "Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyətə malikdir. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir".
Baş məşqçi bu cür matçların komandası üçün yaxşı təcrübə olduğunu söyləyib: "Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq".
Qurbanov deyib ki, nəticələrə baxanda "Qarabağ"ın səfərdə daha yaxşı oynadığı görünür: "Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar".
Təcrübəli mütəxəssis əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: "Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Mənbə: https://report.az