“Omoniya”(Kipr) klubunun baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, sabahkı matçla bağlı bunları deyib:
“Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq. Komandamın əlavə motivasiyaya ehtiyacı yoxdur. Güclü komandayıq, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. “Qarabağ”ın qrupda ilk iki pillədən birini tutacağını bilirik. Rəqibimiz əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq.
Bizim üçün hər bir oyun vacibdir. Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə “Bazel”inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq”.