Avropa Oyunları Parkı sözün əsl mənasında futbol enerjisinin, küçə mədəniyyətinin və həqiqi rəqabət atmosferinin əsas ünvanına çevrildi.

Offsideplus.az xəbər verir ki, 15 rəqib komandanı qeridə qoyan “Minionlar” Red Bull Four 2 Score Dünya Finalına vəsiqə qazandı.

9 may tarixində Red Bull Four 2 Score sübut etdi ki, bu formatda qalib gəlmək üçün güc kifayət deyil, sürət, düşüncə və xarakter lazımdır.

Sürətli oyunlar, gərgin anlar və gözlənilməz qollarla dolu final isə bunu hər kəsin gözü önündə bir daha təsdiqlədi və futbolu əsl tamaşaya çevirdi.

İlk oyundan etibarən komandalar ölkə birincisi olmaq və milli finalın qalibi adını qazanmaq üçün böyük əzmlə mübarizə apardılar.

Final oyununda ”Minionlar” və "Reburn" komandaları üz-üzə gəldi. İlk dəqiqələrdən hər iki komanda hücuma keçdi, meydanda nəfəs almağa imkan qalmadı. Lakin "Minionlar" həm sürətdə, həm də dəqiqlikdə üstünlüyünü nümayiş etdirdi və oyunu 6-3 hesabı ilə başa vurdu. Beləliklə, milli finalın qalibi olan "Minionlar" Azərbaycanı 29 avqust tarixində Toronto şəhərində keçiriləcək Red Bull Four 2 Score Dünya Finalında təmsil etmək hüququnu qazandı.

Turnirin tərəfdaşları AFFA, Badamlı, Go Sport və LIV Bona Dea Hospital oldu.