"Bildiyim qədərilə MOİK ötən mövsümkü kimi deyil. Klubdan ayrılan və yeni qoşulan oyunçular var. Heç bir komandadan çəkinmirik. İstər "Qəbələ"olsun, istərsə də MOİK. Meydana qələbə üçün çıxırıq. Maddi cəhətdən bəzi klublardan geri qala bilərik, amma oyun baxımından heç bir komandadan geri qalmırıq". 

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ədahim Niftəliyev I Liqanın ilk turu çərçivəsində MOİK-ə qarşı keçirəcəkləri oyun haqqında danışarkən bildirdi.

Bölgə təmsilçisinin çalışdırıcısı çempionata ötən mövsümlə müqayisədə daha yaxşı hazır olduqlarını qeyd etdi:

"Keçən il liqaya yarı canla hazırlaşırdıq Futbolçularımızın çoxu klubu tərk etdi, yeni oyunçular gətirilən zaman da maddi problemlər yaşadıq. Həmçinin, stadionla bağlı çətinliyimiz var idi. İndi isə sadalanan problemlər nisbətən aradan qalxıb. Keçən mövsüm ilə müqayisədə bu dəfə çempionata daha yaxşı hazırıq".

47 yaşlı mütəxəsis əsas məqsədlərinin çempionatda qalmaq olduğunu qeyd etdi:

"Əsas hədəfimiz liqada qalmaqdı. Bizdən birinci yeri tutmaq tələbi yoxdur. Çempionatı orta yerlərdən birində bitirməyə çalışacağıq. Biz hələ çempionluğa hazır deyilik. Tutaq ki, birinci yeri tutub Premyer Liqaya yüksəldik. Bizim bazamız, sponsorumuz yoxdu. Filmdə də deyildiyi kimi "topumuz yox, topxanamız yox". Tədricən uşaq məktəbi, uşaq futbolu üzərində işləyirik ki, elitaya çıxdığımız zaman əziyyət çəkməyək. Gərək akademiyanı yaradaq ki, çempionluğa oynayaq".