Azərbaycanın ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Boyanka Kostova həbs edilib.

Offsideplus.az xəbər verir ki, bunu Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov "Max Telegraf" nəşrinə açıqlamasında deyib.

O, Kostovanın narkotik satarkən tutulduğunu və artıq 8 aydır ki, Plovdivdə istintaq təcridxanasında olduğunu bildirib:

“O, tituldan məhrum edildikdən sonra depressiyaya düşdü. Boyankanın başqa peşəsi yoxdur və işsiz idi. Yanlış insanlarla qarışıb, pis mühitə düşüb. Dəfələrlə ona xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Mən ona pul qazanmağın başqa yolu olduğunu söylədim. Bu, nəticə vermədi. Onu məhəllə qarşısında narkotik satarkən tutublar.

Prokurorluq 3 il həbs istədi, amma mən bunun baş verməməsi üçün əlimdən gələni etdim. Mən onu məşqçi kimi işləmək üçün özümlə kluba aparacağıma, ümumiyyətlə sosiallaşacağına və düzgün yola düşəcəyinə zəmanət verdim. Ona görə də onun cəzası daha az oldu və gələn ay həbsdən çıxacaq”.

Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub və 8 il müddətinə yarışlardan diskvalifikasiya edilib.(qol.az)