Münxenqladbax "Borussiya"sının aparıcı futbolçularından olan Brel Embolonun başı dərddədir.

Futbolçu karantin qaydalarını pozmaqda ittiham olunur. Hüquq-mühafizə orqanları 23 yaşlı oyunçu ilə bağlı araşdırma apardığından, İsveçrə millisinin üzvünun adı yanvarın 19-da "Verder"lə baş tutan matçın iştirak ərizəsinə salınmayıb.

Offsideplus.az "Kicker"ə istinadla xəbər verir ki, yanvarın 17-də yerli polis orqanlarına Almaniyanın Essen şəhərindəki "Baldenize" restoranında məclis təşkil olunduğuna dair məlumat daxil olub. Ölkədə sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğundan, güc strukturları dərhal adıçəkilən məkana gedərək məlumatın dəqiqliyini yoxlayıblar.  Nəticədə 23 nəfər aşkar olunaraq polis bölməsinə aparılıb.

Mənbənin verdiyi məlumata görə, məclisdə iştirak edənlər arasında Embolo da olub. Lakin o, cəld tərpənməyi bacarıb. Belə ki, polislərin məkana daxil olduğunu görən "Borussiya"lı futbolçu bacarığından məharətlə istifadə edib. Pəncərədən yanaşı obyektin damına tullanıb, ordan da evə keçərək gizlənib. 

Bir neçə dəqiqədən sonra polislər mənzildə axtarış apararkən Brel evdə tək aşkarlanıb. Di gəl, futbolçu məclisdə iştirak etmədiyini, basketbola baxmaq üçün dostugilə gəldiyini deyib. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırma başa çatmayana qədər Embolonun rəsmi görüşlərdə iştirakına icazə verilmir.

Futbolçunun günahı sübuta yetirilsə, həm karantin qaydalarını pozduğuna, həm polisdən yayındığına, həm də polisə yalan danışdığına görə məsuliyyətə cəlb olunacaq. Necə deyərlər, milli üzvünün işi "fırığdır".

Qeyd edək ki, Münxenqladbax təmsilçisinin "36 nömrə"si cari mövsümdə meydana çıxdığı 14 oyunda 3 qol vurub. Ötən mövsüm isə 28 qarşılaşmada 8 top vurub, 8 qolun ötürməsini vermişdi.