"Real"ın futbolçusu verdiyi açıqlama ilə aləmi bir-birinə qatıb.

Söhbət Toni Krossun qol sevincini qeyri-adi şəkildə qeyd edən həmkarları haqda dediyi sözlərdir. DÇ-2014-ün qalibinin konkret olaraq ad çəkməsi qarşı tərəfin narazılığına səbəb olub.

Offsideplus.az Krossun "Einfach mal Luppen"ə verdiyi açıqlamanı təqdim edir: "Müxtəlif rəqslər, yaxud xareoqrafiya elementləri - qol sevinci zamanı bunlardan istifadə etmək mənə çatmır. Elə futbolçular da var ki, corablarında hansısa əşya gizlədir. Pyer-Emerik Obameyanq qolu bayram edəndə qəhrəman maskası taxmışdı. Bu mənim üçün həddən artıqdır. Obamenyanqla Antuan Qrizmannın etdiklərini gənclər üçün yaxşı nümunə saymıram. Bu mövzuda bəyəndiyim Herd Müller idi. Tullanırdı və şortunu dartırdı, bu da olurdu əsl sevinc. Özüm də vurduğum qola çox sevinirəm, lakin bunu xüsusi şəkildə qeyd etmirəm".

Obameyanqın cavabı özünü çox gözlətməyib. "Arsenal"ın forvardı "tvitter" hesabında bunları yazıb: "Bu Krossun uşaqları var görəsən? Mən həmin jesti oöluma görə eləmişəm, bundan sonra da etməkdə davam edəcəm. Nə vaxtsa Krossun da uşağı olar və övladı sevindirməyin nə demək olduğunu anlayar. Maska taxmağı və özünüzü qorumağı unutmayın".

Kross cavabsız qalmayıb: "Bu Krossun üç uşağı var".

"Söz davası"nın davam edəcəyi və qarşıdakı günlərdə Qrizmannın da söhbətə müdaxilə edəcəyi gözlənilir.