Fransa milli komandasının və "Mançester Yunayted"in sabiq futbolçusu Patriks Evra uşaqlıqda çətin həyat sürdüyünü, bacı və qardaşı ilə küçədə böyümək məcburiyyətində qaldığını bildirib.

 Offsideplus.az xəbər verir ki, ötən yay karyerasını bitirən Evra "Mançester Yunayted"in podkast kanalına səmimi açıqlamalar verib. 

Parisdə küçələrdə yaşadığını söyləyən sabiq oyunçu "Çətin uşaqlıq keçirmişəm. Bacı və qardaşımla küçədə yaşamaq asan deyildi. Parisdəydim, ancaq küçələrdə qalırdım. Bəzən yemək belə ala bilmirdim. Qardaşım Dominik bir yemək şəbəsində işləyirdi. Nahar vaxtı yanına gedərdim və mənə öz yeməyini verərdi. Mağazaların qarşısında pul dilənirdim. Bunu deməkdən çəkinmirəm. Bəzən pul verən olurdu, bəzən də olmurdu. Bunu sendviç almaq üçün edirdim" deyib.

38 yaşlı Evra uşaqkən yaşadıqlarının onu daha güclü biri etdiyini düşünür: "Çətin dönəmlər idi, ancaq xoşbəxt idim. Özümü hər zaman şanslı hiss etmişəm. O anlara yenidən qayıtsam, heç nəyi dəyişməzdim. Çünki indiki xarakterimi həmin yaşadıqlarım formalaşdırıb. Bəzi insanlar sadəcə uğur, televiziyadakı ulduzu görür. Dünya kubokunda kapitan olduqdan sonra çox tənqidlər aldım. Uşaqlıqda yaşadıqlarımın yanında onlar heç nə idi. Bunları kimsə mənim halıma acısın, sevgi göstərsin deyə demirəm. Mən sadəcə gerçək həyat hekayəmi anlatmaq istəyirəm".