Türkiyənin Yalova şəhərində keçirilən "Internatinal Maxwell Cup" turnirində son günün oyunları baş tutub.
Offsideplus.az "kimyaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sumqayıt"ın U-14 komandası ilk matçını yarımfinal mərhələsində "Poyrazköy Spor"a qarşı keçirib. Zahir Əsgərzadənin yetirmələri rəqibini 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırmağa müvəffəq olub.
14 yaşlılardan ibarət komanda final mərhələsində isə "Yalovagücü"nü məğlub edən "Magfa" SK ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz bərabərliklə keçən qarşılaşmanın ikinci yarısında komandamız Əli Cəlilzadənin dublu ilə 2:0 hesablı qələbə qazanaraq turnirin əsas mükafatına yiyələnib.
Bundan başqa, 11 yaşlılarımız 3-cü yer uğrunda mübarizədə "Gölcük Karadeniz" kollektivi ilə üz-üzə gəlib. Elşad Eyvazovun yetirmələri Cavanşir Yusiflinin het-triki və İmran Seyidbalayevin qolu ilə rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu yaş qrupunda "Samsunspor"u 1:0 məğlub edən "Bursa Kültürspor" çempion adını qazanıb. Futbolçumuz İmran Seyidbalayev isə yarışın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.