"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futblçusu Toral Bayramovla Türkiyənin "Qalatasaray" klubunun maraqlanması ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərə bugünkü açıqlamasında cinah müdafiəçisi ilə bağlı təklif almadıqlarını söyləyib: 

"Bizdə belə məlumat yoxdur. Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir. Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verib. Gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar". 

Xatırladaq ki, Türkiyə mətbuatında  "Qalatasaray", "Kayserispor" və 1-ci liqa təmsilçisi "Eyüpspor"un Toral Bayramovla maraqlanması barəsində xəbərlər yayılıb.