Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsindəki oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, siyahıda 28 oyunçu yer alıb. Onlardan 5-i B siyahısına daxil edilib.

Qeyd edək ki, B siyahısı bəzən ehtiyat heyət kimi də başa düşülür. Lakin “Qarabağ”ın bu gün açıqladığı B siyahısında əsas heyətin futbolçusu Toral Bayramov, eləcə də Konfrans Liqasının matçlarında iştirak edən Musa Qurbanlı da var. Bundan başqa, həmin siyahıya gənc futbolçulardan qapıçı Ayhan Arazlı, müdafiəçilər Zamiq Əliyev, Nihad Quliyevin də adları daxil edilib.


Bəs, əsas heyət oyunçusu olan Toral Bayramov nə üçün sifariş ərizəsində B siyahısına daxil edilib? Bununla bağlı Qol.az-ın sorğusunu “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavablandırıb. O deyib:

“UEFA qrup oyunları üçün sifariş ərizəsində A və B siyahıları var. A siyahısına 23 futbolçu sifariş edə bilərsən. Əgər sifariş etdiyin futbolçulardan 5-i sırf klubun yetirməsidirsə, A siyahısında klublara daha 2 yer verilir. B siyahısı isə sırf gənclər üçün nəzərdə tutulub və burada say limiti yoxdur. B siyahısı üçün tələb sadəcə bundan ibarətdir ki, gənc oyunçu 15-21 yaş aralığında futbolçu sifariş etmiş klubun ən azı 3 il heyətində yer almalıdır. Məsələn, Musa Qurbanlı və Toral Bayramov əsas heyət üzvləri olsalar da, UEFA-nın bu tələbinə uyğun gəldiyi üçün onların adı B listində yer alıb. Bu, onların 2-ci komandada olması anlamına gəlmir. Sadəcə hər iki futbolçu gəncdir və "Qarabağ"da 3 illəri tamam olub. Bu səbəbdən onlar B listində yer alıblar. Müqayisə üçün deyim ki, Musa Qurbanlı gənc olsa da, "Qarabağ"da 36 ay müddəti tamamlamadığı üçün əvvəlki mövsümlərdə A siyahısında yer alıb.

Onların adlarının B siyahısında olması heç nəyi dəyişmir. UEFA gənc futbolçuların sayının çox olmasını əsas götürərərək, B siyahısında say limiti qoymayıb. Bu həm də A siyahısında say limiti olduğu üçün bizim xeyrimizədir. Gələcəkdə yeni transfer olarsa, onu sifariş etməyə yerimiz qalır”.