Azərbaycan deputatının cangüdəni İngiltərə millisinin ulduzuna hücumda iştirak edib.

Offsideplus.az xəbər verir ki, futbol üzrə Avropa Çempionatının bir neçə gün əvvəl keçirilən final oyununda uduzan İngiltərə yığma komandasının qaradərili üzvlərinə qarşı sosial media üzərindən irqçi hücumlar edənlərin arasında Azərbaycan Milli Məclisinin deputatının "cangüdəni” də yer alır.

"Center for Countering Digital Hate" (CCDH) şirkəti komandanın üç qaradərili üzvünə qarşı irqçi hücumlar həyata keçirən 99 akkauntu analiz edib. Bu hesablardan futbolçuların ünvanına "Instagram"da 100-dən çox irqçi şərh yazılıb.

Xatırladaq ki, finalda İngiltərə ilə İtaliya komandaları qarşılaşıb. Əsas və əlavə vaxtın 1:1 hesabı ilə başa çatdığı oyunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri seriyası baş tutub. Qaradərili oyunçular Markus Reşford, Ceydon Sanço və Bukayo Saka zərbələri qaçırdıqdan sonra İtaliya qələbə qazanıb. Sosial mediada əksər şərhlər İngiltərə komandasına qarşı müsbət olsa da, üç oyunçu oyundan dərhal sonra irqçi şərhlər almağa başlayıb.

Britaniyanın Baş naziri Boris Conson İngiltərə futbol komandasında çıxış edən qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb. Conson "Twitter" hesabında bu barədə yazıb: "Komanda sosial mediada irqçi hücumlara məruz qalmamalıdır, əksinə qəhrəman kimi təriflənməyə layiqdir. Bu dəhşətli irqçi ifadələrə cavabdeh şəxslər özlərindən utanmalıdırlar”.

Eyni şəkildə, London şəhər meri Sadiq Xan da "Twitter" hesabından futbolda və ya başqa bir yerdə irqçiliyə yer olmadığını deyib. O, cavabdeh şəxlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib.

İngiltərə futbolunun rəhbər orqanı olan Futbol Assosiasiyası da hər cür irqçiliyi və oyunçulara olan təzyiqləri qınayan bir açıqlama verib.

Londonun polis idarəsi "Twitter"də şərhlərdən xəbərdar olduğunu bildirib, onları qəbuledilməz adlandırıb və araşdırılacağını əlavə edib.

CCDH müəyyən edib ki, irqçi şərhlərin yazıldığı həmin 99 hesabdan cəmi 3-ü Böyük Britaniya ərazisində qeydiyyatdan keçib, qalanları isə xaricdədir. Şərhlərin 1/4 anonim istifadəçilər tərəfindən yazılıb, qalanları isə öz hesablarından qaradərili futbolçulara irqçilər hücum ediblər. Məsələn, Ceydon Sançonun "Instagram" paylaşımlarından birinin altına irqçi şərh və söyüş yazanlardan biri Azərbaycan Milli Məclisinin deputatının cangüdəni kimi özünü təqdim edir. Onun kimliyi məqalədə göstərilmir. Digər isə İrandan olan biznesmendir.(virtualaz.org)