Misir milli komandasının sabiq üzvü Mohammed Abutrikanın adı 2023-cü ilə qədər terror siyahısında qalacaq.

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, Ali Məhkəmə 2018-ci ildə Abutrika daxil olmaqla, Müsəlman Qardaşlar Təşkilatı üzvlərinin adlarının da yer aldığı 1528 nəfərin 5 illik terror siyahısına alınması ilə bağlı edilən etiraz barədə son qərarını açıqlayıb. 

Məhkəmə sözügedən siyahıdakı şəxslərin 2023-cü ilə qədər terror siyahısında qalacağı barədə qərar qəbul edib. Bu şəxslər ölkədən çıxa və ölkəyə gələ bilməz. 

Təşkilata üzv olmaqla günahlandırılan Abutrikanın sərvətinin bir hissəsi "bəzi terror aktlarını maliyyələşdirdiyi" üçün müsadirə edilib.

Qeyd edək ki, Misir millisi ilə 100 oyuna çıxan Abutrika 38 dəfə fərqlənib.