Ukrayna məhkəməsi dünyada bəlkə də ən ədalətlisidir.

Bu ölkədə futbolçu içkili vəziyyətdə qəza törədib digər avtomobillərə ziyan vurduğu halda ona cəmi 340 qriven, yəni 10 avro cərimə kəsilib. Söhbət sərxoş halda sükan arxasında əyləşən 25 yaşlı Dmitri Kravçenkodan gedir.

Offsideplus.az xəbər verir ki, Ukraynanın birinci dəstəsində mübarizə aparan "Mettalist 1925"in formasını geyinən futbolçu oktaybrın 29-u axşam saatlarında Xarkovda sərxoş halda avtomobil idarə edərkən qəzaya səbəb olub, nəticədə digər üç avtomobili əzib. Dərhal sərxoşluq test verən Dmitrinin normadan doqquz dəfə çox spirtli içki təsirində olduğu müəyyən edilib. Bütün hallarda futbolçunun günahı sübuta yetirilib, özü də deyilənlərlə razılaşıb. Yekunda məhkəmə ona 10 avroluq cərimə yazıb. Əlavə olaraq da 420 qriven, təxminən 12 avro da məhkəmə xərci ödəyəcək.

Qeyd edək ki, Kravçenko 2012-2020-ci illər aralığında "Vorskla"nın sıralarında olub, Ukraynanın aşağı yaş qruplarından ibarət millilərinin şərəfini qoruyub.