İranın İdman naziri Məsud Sultanifər İran kubokunu qazanan "Traktor”u təbrik etmədiyi halda, bu komandaya uduzan "İstiqlal”ı təbrik edib.

Offsideplus.az xəbər verir ki, Təbriz klubunun sahibi Məhəmməd Rza Zunuzi nazirin yola verdiyi ayrı-seçkiliyi tənqid edib.

"İdman naziri İstiqlal komandasını ikinci olması münasibətilə təbrik etdiyi halda, "Traktor"un qələbəsini təbrik etməkdən imtina edir. "Traktor”un çempionluğundan sonra "İstiqlal”ıın problemlərindən danışır.

Hansısa bir idman verilişində danışaraq, bu komandanın məğlub olmasının səbəblərini təhlil edir. Budur, ədalət? Çox təəssüf edirəm!”- deyə, İranın "İdman” radiosuna açıqlama verən Zunuzi bildirib.

"Perspolis” və "İstiqlal” yerli dairələrin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində "Traktor” və mənsub olduğu camiə kobud şəkildə aşağılanır.

Azərbaycan təmsilçisinin İrandakı "ikiqütblü futbol anlayışını” dəyişdirdiyini deyən Zunuzi əlavə edib ki, "Traktor”u artıq görməzdən gəlmək olmaz:

"Nə üçün nazir 80 milyona aid tribundan xüsusi komandaları ("İstiqlal" və "Perspolis") dəstəkləməlidir? Paytaxtdan olmayan klubların haqqını müəyyən klublara qurban vermək ədalətsizlikdir”.

Sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan "Traktor” Məşhəd şəhərində keçirilən matçda Tehran "İstiqlal”ını 3:2 hesabı ilə məğlub edərək, İran kubokunun (cam-i həzfi) sahibi olub.

"Traktor”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan "Traktor” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.

"Traktor”un çempionluğundan sonra Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimi, o cümlədən, Ankara bələdiyyə başçısı Mansur Yavaş, "İYİ” Partiyasının rəhbəri Meral Akşener, İstanbul millət vəkili Ümit Özdağ və Milliyyətçi Hərəkat Partiyasının üzvü və İstanbul millət vəkili Lütfü Türkkan bu qələbəni təbrik edərək güney azərbaycanlılara dəstək veriblər.WhatsApp Image 2020 09 09 at 20.54.40 1 copy

Həmçinin Türkiyədə #TebriklerTraktör həştəqi Twitterdə əsas trend olub. (Sportinfo.az)