İyulun 2-si bütün dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd edilir.

1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (International Sports Press Association - AIPS) təsis olunub və 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Hazırda AIPS-in 4 kontinental qurumunda (AIPS-Asiya, AIPS-Amerika, AIPS-Avropa və AIPS-Afrika) 130-dan çox dövlətin milli idman mediası birləşib.

Qeyd edək ki, 2014-cü il aprelin 27-dən mayın 1-dək Bakıda AIPS-in 77-ci konqresi keçirilib. AIPS-in Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə eyni vaxta təsadüf edib. Buna görə də beynəlxalq təşkilatın yubiley mərasimi də konqres çərçivəsində paytaxtımızda təşkil olunub.

İdman jurnalistlərini birləşdirən, idman mediasına dəstək olan Azərbaycan İdman Jurnalistləri Federasiyası bu il təsis edilməsinə baxmayaraq, qısa müddət ərzində bir çox tədbirlər keçirib, layihələrə imza atmışdır. Fevralın 20-də Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə ölkə idman mediasının ilk respublika toplantısı keçirilib. Toplantıda Azərbaycanda idman mediasının vəziyyəti, problemləri, AİJF-nin fəaliyyəti, gələcək perspektivlər müzakirə olunub. Tədbirdə həmçinin, hər il fevralın 20-sinin Azərbaycanda İdman Jurnalistləri Günü kimi qeyd olunması da təklif edilib.