Aprelin 20-də Azərbaycanın ilk FİFA20 onlayn liqası start götürəcək.

Offsideplus.azxəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiberidman Federasiyası, “Gaming League Azerbaijan” və Topazın birgə təşkilatçılığı ilə yaradılan liqa 34 gün ərzində davam edəcək. GLA-nın yanvar ayında  təşkil etdiyi və 500-dən çox kiberidmançının qatıldığı FİFA20 turnirində seçilən, ölkənin 20 ən güclü FİFA oyunçusunun mübarizə aparacağı turnir 38 turdan ibarət olacaq. Ümumilikdə baş tutacaq 380 qarşılaşmadan sonar ilk 8 pillənin sahibləri pley-off mərhələsində ən güclünü müəyyən edəcəklər.

Sonda isə “Böyük Finallar” seriyası ilə mövsümə yekun vurulacaq. Hər bir iştirakçı 2-i klub, 2-i milli olmaqla, öncədən 4 komanda seçiminə sahib olacaq və mövsüm boyunca həmin komandalardan istifadə edəcək. Eyni komandaların qarşılaşmaması üçün isə meydan sahibinin seçdiyi klubu qonaq oyunçu seçə bilməyəcək. Klublar müvafiq olaraq klublarla, yığmalar isə yığmalarla qarşılaşacaqlar. Yarışın umumi büdcəsi 20 000 manatdır ki, bunun da 16 500 manatı mükafat fondunu təşkil edir. Mövsümün sonunda 1-ci yerin sahibi 500, 2-ci pillənin sahibi 250, 3-cü yer 150 və 4-cü pillə isə 100 AZN qazanmış olacaq. Bundan əlavə iştirakçıları hər qələbə, heç-heçə və məğlubiyyətə görə də mükafatlar gözləyir.  FİFA20 üzrə əsas liqa ilə yanaşı, 2-ci liqa da yaradılıb. Burada da 20 kiberidmançı mübarizə aparacaq. İlk 3 pilləni tutan komandalar əsas liqaya yüksələcəklər. Əvəzində isə elitada sonuncu olan 3 oyunçu növbəti mövsümdən 2-ci liqada yarışacaq. Hər iki liqada il ərzində 4 mövsüm (hər fəsildə 1 turnir) olacaq. Oyunlar saat 11:00-da başlayacaq. Ən maraqlı görüşlər “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Matçların icmalına gecə saat 01:00-də İctimai televiziyada baxmaq mümkün olacaq. Turnirin bütün qarşılaşmaları isə “GLAHUB” Twitch internet kanalında canlı nümayiş olunacaq. Oyunları tamaşaçılara “İdman TV”nin 4 şərhçisi təqdim edəcək.