Azərbaycan Güləş Federasiyası (AGF) yeni təlim-məşq bazası istifadəyə verilib.
Offsideplus.az xəbər verir ki, yeni güləş mərkəzi Xətai rayonu, Natiq Əliyev küçəsi 92 ünvanında yerləşir. Yeniyetmə sərbəst güləşçilərin ixtiyarına verilən təlim-məşq bazası inventarla tam şəkildə təmin edilib. 315 kvadratmetr ərazisi olan güləş mərkəzində məşqçi və fitnes otaqları, qazanxana, məşqçilər və idmançılar üçün sanitar qovşağı mövcuddur.
Bu gün federasiyanın yeni təlim-məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə GİN, AGF rəsmiləri və məşqçilər iştirak edib. AGF-nin vitse-prezidenti Namiq Əliyev, AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, AGF-nin baş katibi Nəsimi Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, eləcə də sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək ürək sözlərini çatdırıb, yeni bazanın sərbəst güləşimizin inkişafına böyük təkan verəcəyini bildiriblər.
Qeyd edək ki, bu güləş mərkəzində son illər beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət cəlb edən U15 və U17 milli komandaların təlim-məşq prosesləri keçiriləcək.