"Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi saytına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, hazırda “ağ-qaralar”da çıxış edən futbolçular arasında "Səbail”in qapısından ən çox top keçirən yarımmüdafiəçi "Neftçi”nin nəticə qazanmasını hər şeydən üstün saydığını deyib:
- "Səbail”lə oyundan nə gözləyirsiniz?
- Zəif rəqib yoxdur. Bunu yaxşı anlayırıq. İlk sıralarda möhkəmlənmək istəyiriksə, səhvə yol verməməliyik. Qalib gəlməliyik.
- Hazırda liderliyi "Qarabağ”la bölüşürsünüz...
- Düzdür, onlarla xallarımız eynidir. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.
- "Səbail”lə indiyədək keçirdiyiniz 4 oyunda 2 qol vurmusuz. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan futbolçusunuz...
- Sözün düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdur qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündür.
- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdiz. İndi isə daha çox şans qazanırsınız...
- Düzdür, ilk üç oyunda, demək olar, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətim çox yaxşıdır. O mənə son oyunlarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür atmosferdə oynamaq çox xoşdur.