“Bu qələbə münasibətilə xalqımızı, cənab prezident İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban Əliyevanı, Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Güləş Federasiyasını təbrik edirəm.
Offsideplus.az xəbər verir ki, bu sözləri güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev deyib: Bir neçə gün bundan əvvəl U-23 Avropa çempionatında da komanda hesabında çempion olmuşduq. Həmin yarışdan sonra cənab prezident bütün heyəti qəbul etdi. Təbriklərini çatdırdı, tövsiyələrini verdi. Əlbəttə, bu idmançılar üçün böyük stimul oldu. Onun diqqət və qayğısını daim hiss edirik.
Bu yarışda da heyətdə gənc güləşçilər yer almışdı. Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədov böyüklərin qitə birinciliyində də iştirak etdi. Zirəddini bu dəfə çempion olduğu 65 kq-da yox, 70 kq-da sınadıq. Zədəsi və hakimlərin qeyri-obyektivliyi onu medalsız qoydu. Əşrəf gümüş medal qazandı. Hətta çempion da ola bilərdi. Aydın da bir mərhələ keçməklə komandanın hesabına xallar yazdı.
Əlbəttə, 4 finalçımızdan qızıl medal gözləyirdik. Əliabbas Rzazadənin (57 kq) final görüşündə də hakim səhvi oldu. Hacı Əliyev (65 kq) toplanışlara bir qədər gec qoşuldu. Ona görə də pik formada deyildi. Maqomedxan Maqomedov (97 kq) ilk dəfə Avropa çempionatında ölkəmizi təmsil edirdi. Bütün görüşləri inamla keçirdi. Təcrübəli güləşçilərə qalib gəldi və gələcək adına ümid verdi.
Göstərdiyi diqqət və qayğıya görə Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, daim yanımızda olan və bizə dəstək verən vitse-prezident, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyevə təşəkkürümü bildirirəm. Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin də böyük zəhməti var. Təbii ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyini də unutmaq olmaz. Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışarı keçməyi planlaşdırırıq”.