"Qəbələ"nin kapitanı Asif Məmmədov Offsideplus.az-a açıqlama verib.
35 yaşlı futbolçu komandasının Antalyada təlim-məşq toplanışını yaxşı keçirdiyindən söz açıb:
"Şükür Allaha, hər şey qaydasındadır. Komandada ab-hava yerindədir. İnşallah, sabah sonuncu yoldaşlıq görüşümüzü keçirəcəyik. Əsas odur ki heyətimizdə zədəli futbolçu olmasın. Praktiki məşqlər də edirik. Yəqin ki, çempionatın ikinci yarısında bəhrəsini görəcəyik".
Təcrübəli futbolçu ölkə çempionatının medalçıları arasında bitirmələri üçün çalışdığlarını bildirib:
"Qarşımıza tam məqsəd qoyulmayıb. Sadəcə, turnir cədvəlindəki hazırkı durumumuz göstərir ki, Premyer Liqanı ilk üçlükdə bitirib, avrokuboklara gedə bilərik. Bunun üçün də çalışacağıq.Çempionluq barədə isə danışmaq düz çıxmaz. Bunu desəm, gülünc səslənər. İndiki vəzəyyətdə bu real deyil".
O, fevralın 2-də "Sumqayıt"la qarşılaşacaqları kubok oyununun ağır keçəcəyini və rəqibin məşqçi dəyişikliyinin fərq etməyəcəyini vurğulayıb:
"Çox çətin qarşılaşma bizi gözləyir. Məşqçi dəyişikliyinin heç bir fərqi olmayacaq. Ayxan müəllim də olsa idi, yenə də matç gərgin keçəcəkdi. İnşallah ki, maraqlı oyun olacaq. İki oyundan ibarətdir. Fikrimcə, cütün taleyi ikinci oyunda bilinəcək".
Məmmədov "Qəbələ"dəki karyerası barədə də fikirlərini bölüşüb:
"Qəbələ"də çox xoşbəxtəm. Buranı sevirəm. Hətta ailəmlə birlikdə istirahətə getdiyim ilk yer Qəbələ olur. Karyeramı da burada bitirmək istəyirəm. Klub rəhbərliyi mənə get deməyənə kimi, ayrılamayacam. Artıq elə yaşdır ki, təklif gələcəyini də düşünmürəm. Bundan sonra yalnız təcrübəli məqçi işləmək haqda fikirləşmək olar".
Cavid Əliyev