"Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq oyun barədə danışıb:
- "Neftçi"nin ilk hücumunda qol buraxdıq. Rəqib bizdən daha yaxşı oyun sərgilədi. Qarşılaşmadakı ikinci qol həlledici oldu. 10:0 hesabı ilə məğlub ola bilərdik. İkinci qolu buraxmamalıydıq. Onların sürətli və keyfiyyətli futbolçuları var".
Xorvatiyalı məşqçi bildirib ki, yaxşı heyətə sahibdirlər:
"Oyunda bütün məsuliyyət mənimdir. Hansısa futbolçu hazırlığa bir gün tez və ya bir gün gec qatılır. Bu gün "Neftçi" qalib gəldi. Ola bilər ki, növbəti görüşlərdə sevinən tərəf biz olaq. Bütün günah mənim üzərimdədir. 4 oyundur ki, uduzmurduq. Sistemi dəyişmək çətin olardı. Futbolda hər şey olur. 10 dəfə 0:4 hesabı ilə uduzmağı seçərdim, nəinki 40 dəfə 0:1 hesabı ilə məğlub olmağı.