Azərbaycan cüdoçusu Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 100 kq çəkidə qüvvəsini sınayan 27 yaşlı idmançı ardıcıllıqla özbəkistanlı Aklmurodbek Xudoyberdiyev, rusiyalı Asxab Kostoyev və portuqaliyalı Jorje Fonsekanı məğlub edərək finala çıxıb. Qasımov həlledici görüşdə israilli Piter Palçiklə üz-üzə gələcək.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman, çinli Hebilige Bu və gürcüstanlı Uşangi Margianini üstələdikdən sonra yarımfinalda rusiyalı Mixail İqolnikovla bacarmayıb. O, bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Toma Serciu ilə qarşılaşacaq.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska 1/4 finalda ukraynalı Qalina Tarasovaya uduzduqdan sonra təsəlliverici görüşdə slovakiyalı Anamari Velensekdən güclü olub. O, bürünc medal uğrunda çinli Yan Vanqla güləşəcək.