Sentyabrın 10-23-də Budapeştdə (Macarıstan) keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Teymur Rəcəbovun kapitanlı edəcəyi komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı daxil edilib.

Aydın Süleymanlı Offsideplus.az-a açıqlamasında Vətənə medalla qayıtmağa çalışacaqlarını qeyd etdi: 

"İndiyə qədər bu turnirdə medal qazanmamışıq. Lakin hər olimpiadada ilk "3-lüy"ə düşməyə yaxın olmuşuq. Sona qədər mübarizə aparmışıq. Ümid edirəm bu dəfə də elə olacaq. Əlimizdən gələni edib, ölkəmizi ən yaxşı şəkildə təmsil edəcəyik. Azərbaycana olimpiada medalını gətirməyə çalışacağıq. İnanıram ki, çıxışımız ürəkaçan olacaq".

"Baku Open 2024"də 12-ci yeri tutan zəka sahibi çıxışından razı deyil:

"Düzdür, bu yarışı olimpiadaya hazırlıq kimi də qiymətləndirmək olar. Lakin reallığa baxsaq, mənim üçün pis turnir oldu. İyulun 13-də Türkiyədə Super Liqada çıxış edəcəyəm. Ümid edirəm ki, həmin yarışı uğurla başa vuracağam".