Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına qeydiyyatdan keçən ölkə sayı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən bildirilib. Məlumatlara əsasən, 145 ölkədən 1000-ə qədər idmançı rəsmi olaraq qeydiyyatdan keçərək, öz iştiraklarını təsdiqləyiblər. 2022-ci ildə Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi. Çempionatla bağlı 2000-ə yaxın qonağın Azərbaycana gəlməsi nəzərdə tutulur.

Dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

Qeyd edək ki, hazırlıqlarla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin ikinci iclası keçirilib. İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat çərçivəsində həyata keçəcək digər tədbirlər barədə məlumat verilib.