Bu gün Azərbaycanın Yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz final həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb.
Murad Məmmədov (60 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.
Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.
Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Sleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.
Yığmamız Avropa çempionatındakı iştirakına Murat Lokyayevin (97 kq) mübarizəsi ilə yekun vurub. Bürünc medal uğrunda avstriyalı Daniel Qastlla üz-üzə gələn legionerimiz 1:4 hesabı ilə uduzub.
Beləliklə, yunan-Roma güləşi üzrə milli Avropa çempionatını 2 qızıl, 1 gümüş və 5 bürünc medalla 165 xal yığaraq tarixində ilk dəfə Avropa çempionu olub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekord qeydə alınıb.
Daha öncə Eldəniz Əzizli (55 kq) birinci, Taleh Məmmədov (63 kq) ikinci, Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) üçüncü yeri tutub.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş millimiz komanda hesabında Avropa çempionu olub.