Karateçimiz İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, qadınların 68 kiloqram çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançımız ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə duellərdən qalib ayrılaraq qızıl medal uğrunda həlledici görüşə vəsiqəni təmin edib.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və bundan əvvəlki dünya çemionatının qalibi olan Zaretska titulunu qorumaq uğrunda italiyalı Silviya Semeraro ilə üz-üzə gələcək.
Beşqat dünya çempionumuz Rafael Ağayev isə arzusunu altıncı dəfə reallaşdıra bilməyib. O, Fenq-cen Liyə (Tayvan) 1:0, İvan Korabova (Belarus) 2:0 qalib gəlsə də, Tomas Skotta (ABŞ) 3:3 hesabı ilə uduzub.
Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan Asiman Qurbanlı (+84 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Bu gün tatami üzərinə çıxan digər karateçilərimiz Pənah Abdullayev (84 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışı uğursuz olub.