Xəbər verdiyimiz kimi, Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn R. Hüseynov sevincini bölüşərkən "bu atamın qələbəsidir" ifadəsini işlədib.
İdman jurnalisti Sənan Şəfizadə öz "Facebook" hesabında bu məsələyə aydınlıq gətirib:
"Adam (Rafiq Hüseynovu nəzərdə tutur - Red) karyerasını 2016-da bitirmək istəyirdi. Bəzi hadisələrə görə güləşlə vidalaşmağı gün söhbəti idi. 2016-cı ildə məşhur "Ford Boyard" layihəsinə görə Fransaya 10 günlük səfərdə Rafiq Hüseynovu daha yaxından tanımaq imkanı qazandım. Güləşdən ayrılıb başqa sahədə işləmək barədə danışırdıq. Çoxları bilmir, oğul ataya görə idmandan ayrıla bilmirdi. 2019-2020-ci illərdə toparlanan Rafiq Avropa Çempionu oldu, dünya çempionatında ikinci yeri tutdu. Ən böyük istəyi atasının arzusunu həyata keçirmək idi. Atası illərdi Rafiqin olimpiadada medal qazanmağını arzulayırdı. Tokio onun üçün ilk və yəqin son olimpiada idi. Və bu gün Rafiq atası Radik Hüseynovun arzusunu həyata keçirdi. Mənə görə çox təsirli qələbə idi, atasının sevincini təsəvvür edə bilmirəm. İnanın Radik müəllim indi dünyanın ən xoşbəxt adamıdır. Bu medal həm də Rafiqin atası Radik Hüseynovun qələbəsidir".
Offsideplus.az