Varşavada keçirilən Avropa çempionatında sərbəst güləşdə sonuncu medalımız Osman Nurməhəmmədovdan gəldi.

Offsideplus.az xəbər verir ki, güləşçimiz 92 kq çəkidə mübarizəni bürünc medalla başa vurdu.

Səbəbkar çempionatdakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib: “Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi. İlk görüş hər zaman çətin alınır. Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım. İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Ancaq yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum. Növbəti günə kökləndim. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum. Növbəti dəfə çempion olmağa çalışacağam. Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Qazandığım bu medalı isə azarkeşlərə həsr edirəm".