Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdirəcək.

İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib.

Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb.

Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.