İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün daha 5 ağır çəkili cüdoçusumuz mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi medal qazana bilməyib.
Bir gün öncə olduğu kimi, yenə də tatamiyə çıxan təmsilçilərimiz məğlubiyyətə üzülüblər.
Kişilər
90 kq
Ardıcıl olaraq Aurelien Diesse (Fransa), Komronşox Ustopiriyon (Tacikistan) və Kristian Tota (Macarıstan) qalib gələn Məmmədəli Mehdiyev yarımfinala yüksəlib. Lakin o uğurlu seriyasını davam etdirə bilməyib. Finala gedən yolda Nikolos Şerazadişviliyə (İspaniya) uduzan idmançı 3-cü yer uğrunda görüşdə Beka Qviniaşviliyə (Gürcüstan) də məğlub olub.
100 kq
Zelim Kotsoyev ilk qarşılaşmasında Boris Georgiyevdən (Bolqarıstan) üstün olub. O, 1/8 finalda belçikalı Toma Nikiforovu da məğlubiyyətə uğradıb. Təmsilçimiz 1/4 finalda komanda yoldaşına da qalib gələn gürcüstanlı Onise Saneblidze ilə bacarmayıb.
Kotsoyev təsəlliverici görüşdə Tomas Briçeno (Çili) üzərində qələbə qazanıb. Lakin o, bürünc medal uğrunda qarşılaşmada Niyaz İlyasova (Rusiya) uduzub.
Bu çəkidə yarışan digər cüdoçumuz Elmar Qasımova isə 1/8 finala kimi irəliləməyi bacarıb. Olimpiya mükafatçımız Yoakim Dvarbiyə qalib gəlsə də, Onise Saneblidze (Gercüstan) uduzub.
+100 kq
Uşanqi Kokauri və Camal Feyziyev startdaca yarışla vidalaşıblar. Onları müvafiq olaraq, Yur Spiykers (Niderland) və Serafim Kompanes (İsrail) dayandırıb.
Beləliklə, yığmamız 15 idmançı ilə qatıldığı turniri 1 qızıl medalla bitirib. Yarışın ilk günündə Davud Məmmədsoy (60 kq) çempion tituluna yiyələnib.
Bu nəticə ölkəmizi komanda hesabında 10-cu edib.