Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazandı.
Gümüş medala sahib olan güləşçilərdən biri Rafiq Hüseynov (82 kq) oldu. Daha öncə bir çox yarışlarda fərqlənən təcrübəli yunan-Roma güləşçimiz dünya çempionatında ilk medalını 31 yaşında qazandı. Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib:
- Hər məğlubiyyət yeni başlanğıcdır. Demək olarmı ki, dünya çempionatında qazandığın bu uğurun təməli Avropa çempionatındakı uğursuzluqdan sonra qoyuldu?
- Hər yarışa gedəndə qarşına məqsəd qoyursan. Məqsədsiz yarışa gedirsənsə, deməli, sən idmançı yox, turistsən. Biz o yaşı çoxdan keçmişik. Nəticə əldə etmək lazımdır. Bunu bacarmırıqsa, kənara çəkilib gənc nəslə yer verməliyik. Avropa çempionatında da medalsız qalmaq haqqında düşünmürdüm. İlk mərhələdən azad idim. Yarış zalına gələndən 3 saat sonra xalça üzərinə çıxdım. Rəqibə 4 xal verəndən sonra hesabda önə çıxmaq çətin oldu. Yalnız 3 xal toplaya bildim və rəqibə çatmadan vaxt qurtardı. Ancaq bunu bəhanə kimi gətirmək istəmirəm. Hazırlığımız və təminatımız yüksək səviyyədə idi. Vəziyyət elə gətirdi ki, belə alındı. Dünya çempionatına ən yüksək səviyyədə və xüsusi hazırlıq keçmişdik. Baş məşqçi Şaban Donatın rəhbərliyi, federasiyanın ciddi nəzarəti altında Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçdik. Hər şeylə təmin olunmuşduq. Dünya çempionatında çıxışımı qənaətbəxş sayıram. Mən həmişə özümə qarşı tənqidi yanaşıram. Bir neçə dəfə dünya üçüncüsü ola bilərsən. Finala çıxıb çempion olmamaq təəssüfedici hissdir. Ancaq şükürlər olsun ki, əliboş qalmadım. Qarşıda yarışlar var. Oktyabrda hərbçilərin Dünya Oyunlarında da iştirak edəcəyəm. Gələn il isə bizi Avropa çempionatı və lisenziya turnirləri kimi mühüm yarışlar gözləyir.
- Püşkatmada səbətlər müəyyənləşəndən sonra şanslarını necə qiymətləndirirdin?
- Mən yarışa gələndə heç vaxt səbətimə baxmıram. Çünki rəqibi biləndə qida və yuxu rejimin istər-istəməz pozulur. Bütün gecə onun barədə, necə güləşməklə bağlı fikirləşəcəksən. Ən yaxşısı, ertəsi gün səhər yeməyini yedikdən sonra rəqibini tanımaqdır. Məsələn, öncədən yarımfinalda iranlı güləşçiylə qarşılaşacağımı bilsəydim, bu, mənə çətinlik yarada bilərdi. Digər görüşlərə lazımınca köklənə bilməzdim. 1/4 finalda qazax güləşçiyə qalib gələndə digər qarşılaşmalar davam edirdi. Bu görüşlərin qaliblərindən hansı ilə yarımfinalda üz-üzə gələcəyimi bilmirdim. Ancaq onu da qeyd edim ki, dünya çempionatından əvvəl Gürcüstan, İran, Rusiya və daha bir neçə ölkənin güləşçisinə qarşı xüsusi hazırlıq keçmişdik.
- Belə fikir var ki, yarımfinalda məğlub etdiyin İran pəhləvanı finalda qarşılaşdığın Gürcüstan güləşçisindən daha güclü idi. Sən bu barədə nə fikirləşirsən?
- Əlbəttə. Ötən il mən dünya çempionatında iranlı güləşçiyə 1/4 finalda məğlub olmuşdum. O, məndən öncə həmin gürcüyə “tuşe” ilə qalib gəlmişdi. Səid Abdevalinin insani keyfiyyətlərini bəyənməsəm də, güləşçi kimi tərifəlayiqdir. Bəs finalda niyə gürcü idmançıya uduzdum? Mənə qarşı edilən fənd 4 yox, 2 xalla qiymətləndirilməliydi. Neçə hakimdən soruşduq, bizə bunu dedilər. Mənim fəndimi isə 2 xalla qiymətləndirdilər. Hesab 4:2 oldu və fərqi qapaya bilmədim. Belə deyim, həmin gün gürcü güləşçinin şanslı günüydü.
- İlk dəfə dünya çempionatında medal qazandın. Taktikada nəyi dəyişdin və ya nədə artırdın ki, bu uğura nail oldun?
- Əslində 2009-cu ildə daha gənc və daha güclü idim. Hazırlıq səviyyəmə görə əvvəlki illərlə indiki arasında fərq görmürəm. Sadəcə, əvvəllər bəxtim gətirmirdi. Başqa yarışlarda olimpiya, dünya və Avropa çempionuna qalib gəlirdim. Amma dünya çempionatında bunu bacarmırdım. Məsələn, 2009-cu ildə Bakıda “Qran-pri” turnirində Pekin Olimpiadasının qalibi Manuçar Kvirkvelianı məğlub etdim. Ancaq həmin il mundialda medalsız qaldım. Gərək idman xoşbəxtliyi də sənin tərəfində olsun. Avropa çempionu olmuşam, Avropa Oyunları, İslam Oyunları və Dünya Kubokunda medallar qazanmışam. Sadəcə, indiyədək dünya çempionatlarında bu uğura imza ata bilmirdim. Qismət bu yarışa imiş.
- 82 kq qeyri-olimpiya çəkisidir. Olimpiadada iştirak etmək üçün çəkini ya 77 kq-a salmalı, ya da 87 kq-a qaldırmalısan. Sənin üçün hansı münasibdir?
- Bu, məndən asılı bir şey deyil. Mənim çəkim ortadadır. Hər iki kateqoriyada çıxış edə bilərəm. Buna məşqçilər qərar verəcək.
- Üçüncü olimpiya tsiklidir ki, güləşirsən. Tokio Olimpiadasından sonra da karyeranı davam etdirməyi düşünürsən?
- Görsəm ki, gənc nəsil ilə bacarmıram, onların qarşısını kəsməyəcəyəm. Ölkədə öz çəkimdə liderliyimi qorusam, karyeramı da davam etdirəcəyəm. Sevdiyim işlə məşğulam. Maddi cəhətdən sıxıntım yoxdur. Sırf maddiyyata görə yox, nəticə vermək üçün güləşirəm.
- Komandanın çıxışı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sən bu barədə nə deyə bilərsən?
- Bayaq da qeyd etdiyim kimi, yarışa hazırlıq maksimum səviyyədə oldu. Federasiya tərəfindən bizə hər bir şərait yaradıldı. Sadəcə, şans elə gətirdi ki, belə alındı. İran 2012-ci ilə qədər yunan-Roma güləşində Olimpiadada qızıl medal qazanmamışdı. Ancaq Londonda birdən-birə 3 qızıl medal əldə etdi. Rusiya cüdoda eyni uğura imza atdı. Bir yarışda nəticə yaxşı, birində pis ola bilər. Həm də baş məşqçimizin də qeyd etdiyi kimi, son illərdə yunan-Roma güləşində heç vaxt olmadığı qədər güclü rəqabət var. Məsələn, 82 kq qeyri-olimpiya çəkisi olsa da, burada 10-11 güləşçi çempionluğa iddialıydı. Onların görüşünü proqnozlaşdırmaq mümkün deyildi. Türkiyə güləşçisi reytinqdə 1-ci olsa da, 17-ci yerdəki çinli rəqibi ona tam üstünlüklə qalib gəldi. Qazax güləşçi güclü belaruslu rəqibini vaxtından əvvəl məğlub etdi. Qaydalar da elədir ki, hətta zəif rəqib də sənə qalib gələ bilər. Hakimliklə bağlı da problem oldu. Eldəniz Əzizlinin yarımfinal görüşündə ilk parter onun lehinə verilsəydi, nəticə fərqli ola bilərdi. Rəsul Çunayevin ikiqat dünya çempionuyla görüşündə də eyni vəziyyət yaşandı, Rəsulun xeyrinə parter verilmədi. Püşkatma da müəmmalı oldu. Güclü rəqiblər eyni qruplara düşdü.
- Sonda azarkeşlərə nə demək istəyirsən?
- Avqustda Maksim Manukyana qalib gələndə məni qəhrəman etmişdilər. Mənim üçün əsl qəhrəmanlıq vətənin müdafiəsi uğrunda canını fəda etməkdir. Bəzən bəxtsizlik sözünü deyir. Məsələn, İslam Abbasov Avropa çempionatında olimpiya və dünya çempionlarına qalib gələrək finala yüksəldi. Ancaq dünya çempionatında bir səhv həlledici oldu. Bu o demək deyil ki, o zəif güləşçidir. Ümumiyyətlə, dünya çempionatında öz çəkilərinin ən güclüləri çıxış edirdi. Hər birimizdə bu və ya digər səviyyədə zədə var. Bəzən yarış günü özümüzü yaxşı hiss etmirik. İdmanda belə şeylər olur. Yaxşı olardı ki, azarkeşlərimiz daim idmançılara dəstək olsun. Onları ruhdan düşməyə qoymasınlar. Bu dəstək idmançılar üçün çox vacibdir.